ÇİN XİN: Ukrayna böhranı Çin-Avropa münasibətlərinə xələl gətirməməlidir- ÖZƏL
11:58 DünyaÇin Ukraynadakı münaqişənin diplomatik yolla tezliklə həllinin tərəfdarı olduğunu və bu böhranın Çinlə Avropa arasındakı münasibətlərdə problemə çevrilməməli olduğunu bəyan edib.
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin Pekində keçirdiyi brifinqdə bildirib ki, Çin Ukrayna məsələsinin tərəflərindən biri deyil və böhran başlayandan bəri obyektiv və ədalətli mövqe nümayiş etdirir.
Diplomat vurğulayıb ki, Pekin münaqişənin siyasi və diplomatik yollarla nizamlanmasına çalışır, tərəflər arasında barışığın və sülh danışıqlarının təşviqinə dəstək verir.
Olaylar.az xəbər verir ki, Mao Nin Qərb jurnalistlərinin Çinin münaqişənin uzanmasından fayda əldə etməsi ilə bağlı iddialarına da münasibət bildirib. Onun sözlərinə görə, Çin heç vaxt mövcud vəziyyətdən öz maraqları üçün istifadə etməyib və baş verənlərə görə məsuliyyətin Pekinin üzərinə atılması cəhdlərini qətiyyətlə rədd edir.
Açıqlama Almaniya kansleri Fridrix Merzin Çinə planlaşdırılan səfəri ərəfəsində səsləndirilib. Pekin hesab edir ki, Ukrayna böhranı Çin-Avropa münasibətlərinin inkişafına mane olmamalıdır.