Cey Di Vensdən Avropaya kəskin tənqid: "Müttəfiqlər özlərinə zərər verirlər" – ÖZƏL
18:30 DünyaABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində avropalı müttəfiqlərini kəskin tənqid edərək, münasibətlərdəki problemlərin Vaşinqtonun mövqeyindən qaynaqlanmadığını bildirib.
"Daha çoxunu gözləyirik"
Olaylar.az xəbər verir ki, "Bild" nəşrinin məlumatına görə, Vens müttəfiqlərə hörmətsizlik etmədiklərini, lakin onların fəaliyyətindən narazı olduqlarını vurğulayıb: "Məsələ bizim müttəfiqlərimizə hörmət etməməyimizdə deyil. Əksinə, onlar tez-tez özlərinə zərər verirlər. Biz müəyyən irəliləyişə nail olmuşuq, lakin dürüst olsaq, avropalı tərəfdaşlarımızdan daha çox fəallıq gözləyirik".
Vens qeyd edib ki, məhz Donald Tramp administrasiyasının təzyiqi sayəsində NATO tərəfdaşları müdafiə xərclərini artırmağa və sərhədlərin qorunmasına daha çox vəsait ayırmağa başlayıblar.
Bu bəyanatlar ABŞ və Avropa arasındakı fikir ayrılıqlarının müzakirə olunduğu bir vaxtda səslənib. Xatırladaq ki, keçən il Münhen Təhlükəsizlik Konfransında Vens Avropadakı demokratiyanın vəziyyətini tənqid etmiş və Almaniyanın "AfD" (Almaniya üçün Alternativ) partiyasının lideri Alisa Vaydel ilə görüşmüşdü.
Almaniya Kansleri Fridrix Mers isə dövlət katibi Marko Rubionun son çıxışını "hazırkı Amerika administrasiyasının dünyagörüşünün əksi" adlandırıb. Mers "Machtwechsel" podkastında bildirib ki, belə bir çıxışı alqışlamaq onun üçün "çətin olardı".