Gürcüstanda siyasi gərginlik: "Sabah Kobaxidze həbs olunsa, təəccüblənmərəm" – ÖZƏL
14:26 Dünya"Gürcüstan naminə Qaxariya" partiyasının üzvü Tata Xvedeliani ölkədəki mövcud siyasi vəziyyəti kəskin tənqid edərək, idarəetmədə xaosun hökm sürdüyünü bildirib.
Olaylar.az xəbər verir ki, jurnalistlərə açıqlama verən siyasətçi qeyd edib ki, ölkədə "seçməli ədalət" presedenti yaradılıb.
Xvedeliani "Gürcü arzusu" partiyasının siyasətini tənqid edərək deyib: "Ölkədə elə bir xaos və qeyri-müəyyənlik var ki, sabah Eliso Kiladze deyil, Baş nazir İrakli Kobaxidze həbs olunsa, bu, məni təəccübləndirməz. Məhkəmə binası qarşısında gördüklərimiz hakim partiyanın yürütdüyü siyasətin, xaosun və kriminalın nəticəsidir."
Siyasətçi həmçinin uzun illərdir övladının qatillərinin cəzalandırılmasını tələb edən anaların müraciətlərinin cavabsız qalmasına və sübutların gizlədilməsinə diqqət çəkib.
Xatırladaq ki, Gürcüstan Prokurorluğunun məlumatına görə, tanınmış jurnalist Eliso Kiladze "koll-mərkəzlər" işi ilə bağlı saxlanılıb.
Eyni cinayət işi çərçivəsində Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladze və cinayətkar qrupun üzvləri - David Mikadze, İrakli Sexniaşvili və Mixail Çoxeliyə qarşı qiyabi ittiham irəli sürülüb. Digər bir cinayət işinə görə artıq həbsdə olan Georgi Mikadzeyə isə ittihamnamə şəxsən təqdim ediləcək.