Bakı və Moskvanın daha dərin çəkişməsi- ÖZƏL

Rusiya razılaşmadan geri çəkilib?
Fevralın 4-də BƏƏ-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş, 2025-ci ilin avqustunda sülh sazişinin paraflanmasından sonra ən mühüm siyasi hadisələrdən biridir. ABŞ-ın təşkilatçılığı ilə Əbu-Dabi Zirvəsi, "Sülh Qalxanı - 2026" və görüşdən dərhal sonra İlham Əliyevə təqdim olunan "Zayed İnsan Qardaşlığı Mükafatı" isə Azərbaycanın regional proseslərdə artan rolunun və siyasi çəkisinin göstəricisidir. 
Bir gün sonra, fevralın 5-də Azərbaycanda separatçılarına məhkəmə hökmləri elan olunması da 30 illik işğal prosesinin yalnız hüquqi nəticəsi deyil, eyni zamanda güclü siyasi mesaj təsiri yaratdı. Halbuki, xarici dövlətlər, siyasi liderlər separatçıların azadlığını tələb edirdi. 
Bu hökmlər Ermənistandan çox Rusiya siyasi elitasını narahat etdi, çünki Moskvanın Qarabağ üzərindən təsir imkanlarını hüquqi müstəvidə məhdudlaşdı. Ermənistanda bu məsələ geniş reaksiya doğurmadı, əksinə bəzi dairələr bunu münasibətlərin normallaşmasına maneənin götürüldüyü kimi qiymətləndirdi. Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinın ittihamedici bəyanatlarına Azərbaycan Xarici İşlər Nazirliyinin təqdim etdiyi notaya rəsmi Moskvanın birbaşa reaksiya verməməsi Zatulinin mövqeyinin fərdi yox, Rusiyanın siyasi xətti kimi, Kremlin formalaşan institusional narazılığını açıq göstərirdi.
Bu gərginlik AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra daha da dərinləşmişdi. Keçən ilin avqustunda Ağ Evdə Ermənistan və Azərbaycan liderlərinin Donald Trumpın iştirakı ilə sülh müqaviləsini paraflanmasından, ABŞ - Ermənistan arasında TRIPP razılaşmasından sonra isə münasibətlər daha da kəskinləşib. TRIPP razılaşması artıq Zəngəzur dəhlizi ilə bağlı məsələni Ermənistan, Azərbaycan və Rusiya arasında 10 noyabr üçtərəfli bəyanat çərçivəsindən çıxararaq ABŞ - Ermənistan arasında iki tərəfli razılaşmaya çevirərək Rusiyanı lahiyədən kənarlaşdırıb. 
Rusiyanın Azərbaycanda separatçılara hökmün oxunmasına kəskin sərt reaksiyası cinayətkarların taleyi ilə deyil, Moskvanın vasitəçilik imkanlarının daralması, 
Rusiyanın Ermənistanda mövcudluğu və Ermənistan və Azərbaycan münasibətlərinin qurulmasına imkan verməmək niyyətindən irəli gəlir. Həm də əlavə bir  təsir manipulyasiyasıdır.
Rusiyanın Azərbaycana olan təzyiqlərinə isə Azərbaycanın Ukraynaya qısa müddətdə göstərdiyi ardıcıl humanitar yardımlarları Rusiyaya diplomatik və siyasi cavab reaksiyasıdır. Azərbaycan İsrail arasında süni intellektlə növbəti razılaşma təbii ki, daha geniş sektoru əhatə edir. 
ABŞ vitse-prezidenti Venisin Azərbaycana və Ermənistana səfərinə hazırlıq fonunda Rusiyanın Azərbaycana da təzyiqlərinin daha da artması Vaşinqtonun regionda artan roluna qarşı balans cəhdidir. Rusiyanın Ermənistan və Azərbaycana təsir imkanlarının tükəndiyini, Moskvanın TRIPP layihəsində iştirak istədiyini bildirməsi ilə, onun tez-tez səsləndirdiyi 10 noyabr üçtərəfli Moskva bəyanatı ilə Zəngəzur dəhlizinə nəzarət üçün hüquqi və siyasi imkanın əldən çıxdığını etiraf edir.
Digər tərəfdən, Ermənistanın Azərbaycanla iqtisadi əlaqələrinin bərpası və ümumiyyətlə Rusiyanın Qafqazdakı mövcudluğunu təmin edən konfliktlərin həlli, Rusiyanın regionda mövqeyinin sonlanması anlamındadır. Söz yox ki, gələcəkdə də Rusiyanın regiona təsiri üçün müxtəlif hərbi və siyasi manevrləri mümkündür. Xüsusən Ermənistanda bu yay keçirilən parlament seçkilərinə müdaxiləsi (hərbi müdaxilə də istisna deyil) hakimiyət dəyişikliyi ilə onun Zəngəzur dəhlizinə nəzarətini bərpa edə bilər.
Bu da təbii ki, eyni zamanda Azərbaycana da təsir imkanı qazanmaq deməkdir. Ancaq, Rusiyanın Zəngəzur dəhlizinə (TRIPP) ABŞ - a açıq hərbi qarşıdurmaya gedəcəyi inandırıcı deyil. Xüsusən də, Rusiya - Ukrayna müharibəsinin uzanması, Ukraynanın güzəştə getməməsi Rusiyanı digər qarşıdurmalardan çəkindirən faktordur.
Vüqar Dadaşov
Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31