Paşinyan Kremlə “son fürsət pəncərəsi” açır: İrəvan Rusiyanı ABŞ ilə toqquşmaya çəkir
20:06 DünyaCənubi Qafqazda Rusiya mərkəzli köhnə təhlükəsizlik və nəzarət arxitekturası artıq dağılıb, Ermənistan isə tədricən geopolitik orientasiyasını dəyişir... Bu önəmli regionda "geopolitik saat" indi daha keçmişə bağlı deyil, yalnız gələcəyi göstərir və bu prosesin qarşısını isə almaq artıq qeyri-mümkündür...
Rusiyanın Cənubi Qafqaz üzrə "kommunikasiya diplomatiyası" Ermənistan baş naziri Nikol Paşinyanın ziddiyyətli manevrlərinə tuş gələrək, iflas təhlükəsi ilə üzləşib. Ona görə də, hazırda Cənubi Qafqazda geriyə dönüşü inandırıcı olmayan yeni geopolitik mərhələnin başlandığı artıq qətiyyən şübhə doğurmur. Və bu səbəbdən də, regional geopolitik proseslərdə növbətə gərginləşmə təhlükəsi müşahidə edilməkdədir.
Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda postmüharibə dövrünün ən həssas və geostrateji mərhələsi daha çox məhz Rusiyanın regional maraqlarını risk altına salır. Bu baxımdan, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistanın Türkiyə və Azərbaycan istiqamətində dəmir yolu xətlərinin bərpası ilə bağlı müraciətlərinə verdiyi reaksiyanın məzmunu o qədər də gözlənilməz deyil. Və Rusiyanın diplomatiya idarəsinin təmsilçisi tərəfindən Ermənistan baş naziri Nikol Paşinyanın ünvanına yönəldilən sərt və ironik ifadələr də bu regionda dərin geopolitik transformasiyanın real konturlarını göstərir.
Məsələ ondadır ki, Rusiya XİN rəsmisinin reaksiyası sadəcə, yalnız diplomatik mövqenin ifadəsi deyil. Çünki bu, həm də Rusiyanın Cənubi Qafqazda sürətlə zəifləyən təsir imkanlarını saxlamaq üçün Kremlin atmağa çalışdığı radikal addımların ilkin əlamətləri də sayıla bilər. Belə ki, Kreml Ermənistanın dəmir yolu infrastrukturunun bərpası ilə bağlı müraciətlərinin "operativ şəkildə" nəzərdən keçirildiyini bildirir. İlk baxışdan, bu məsələ daha çox texniki və iqtisadi əməkdaşlıq çərçivəsində təqdim edilsə də, əslində, Rusiya "dəmir yolunun bərpası" ilə bağlı mövzuya birmənalı şəkildə Ermənistana siyasi nəzarət mexanizmi kimi yanaşır.
Çünki Kreml üçün regional nəqliyyat-kommunikasiya xətləri, tranzit marşrutları və belə layihələrdə Rusiya Dəmir Yollarının (RJD) iştirakı Cənubi Qafqazda qalan çox azsaylı real təsir alətlərindən biridir. Belə ki, hərbi-siyasi dominantlıq artıq faktiki olaraq, itirildikdən sonra Rusiya bölgədə təhlükəsizlik deyil, məhz iqtisadi-logistika üzərindən nəzarət mexanizmlərini saxlamaq strategiyasına yönəlib. Bu baxımdan, Rusiyanın "Tramp marşrutu" layihəsinə çox ehtiyatla yanaşması da diqqətdən yayınmır. Kreml bu təşəbbüsü nə açıq şəkildə rədd etmir, nə də dəstəkləmir. Bu, Rusiyanın vaxt udmağa, prosesi ləngitməyə və mümkün qədər öz nəzarətinə almağa yönəlmiş klassik diplomatik davranış modelidir.
Maraqlıdır ki, hazırda rəsmi İrəvanın ikili strategiya üzrə hərəkət etməsi də Kremlin üzləşdiyi situasiyanı qəlizləşdirir. Çünki Paşinyan hakimiyyəti bir tərəfdən Rusiya ilə siyasi-diplomatik dialoq imkanlarını qorumağa çalışır, digər tərəfdən isə Qərbin regional maraqlarına sadiq qaldığı barədə mesajlar verir. Və belə situasiyada Kremlin "Tramp marşrutu" ilə bağlı yekun qərar vermək imkanları da ciddi şəkildə məhdudlaşmış olur.
Kremldə hesab edirlər ki, baş nazir Nikol Paşinyan Rusiya ilə aldadıcı manevrlər etməyə çalışır. Çünki erməni baş nazir bir tərəfdən Rusiyaya dəmir yolunun bərpası ilə bağlı yazılı müraciətlər göndərir. Digər tərəfdən isə "Əgər, Rusiya bərpa üçün investisiya yatırmaq istəməzsə, Ermənistan bu layihəni özü həyata keçirəcək" məzmunlu mesajlar verir. Və bu, Kremldə rəsmi İrəvanın artıq strateji kursu dəyişdiyi, ancaq bunu hələ tam açıq formada elan etməyə tələsmədiyi barədə qənaətlər yaradıb.

Ancaq bəzi ehtimallara görə, baş nazir Nikol Paşinyanın bu davranışı bir neçə paralel hədəfə hesablanıb. O, bununla Rusiyaya guya "son fürsət pəncərəsi" açır, Qərb ölkələrinə, xüsusilə də ABŞ-a alternativ kommunikasiyalar üçün siyasi hazırlıq mesajı verir, ölkədaxili auditoriyaya isə "blokadadan çıxış" perspektivi təqdim etmiş kimi görünməyə çalışır. Və bu, rəsmi İrəvanın Rusiyaya münasibətdə ikili strategiya tətbiq etməsi anlamı daşıyır.
Rəsmi İrəvan vaxtilə ciddi şəkildə müqavimət göstərməyə çalışsa da, artıq anlayır ki, regional nəqliyyat kommunikasiya xətlərinin açılması qaçılmazdır. Belə bir önəmli geoiqtisadi prosesdən kənarda qalmaq isə Ermənistan üçün strateji iflas demək olardı. Və bu baxımdan, Cənubi Qafqazda yeni geopolitik reallıqlar da artıq geriyə dönməz xarakter almış kimi görünür.
Maraqlıdır ki, hazırda Rusiya və Ermənistan arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı da problemlər mövcuddur. Mariya Zaxarovanın baş nazir Nikol Paşinyanın KTMT-ni Ermənistan dövlətçiliyini zəiflətməkdə ittiham etməsinə "Mən Nikol Paşinyanın yalnız Qarabağda rəqsini xatırlayıram" məzmunlu cavabı isə diplomatik etikadan daha çox, siyasi qisas ritorikası təsiri bağışlayır. Kreml təmsilçisi bu açıqlama ilə baş nazir Nikol Paşinyanı məsuliyyətsiz və populist siyasi lider kimi təqdim edir.

Digər tərəfdən, Kreml eyham vurur ki, Qarabağ heç vaxt Ermənistanın hüquqi ərazisi olmayıb və bu arqumentlə həm də KTMT-nin 2020-2023-cü illərdə tutduğu neytral mövqe əsaslandırılır. Əslində bu, Kremlin Ermənistanın təhlükəsizliyinə yönəlik Rusiyanın öhdəlikləri olamsı barədə iddialarını tam şəkildə rədd etməsi deməkdir. Və bu onu göstərir ki, Ermənistanın Rusiya patronajlığı altında olan KTMT ilə siyasi ayrılma artıq baş versə də, tərəflər sadəcə, bunu hüquqi sənədlərlə rəsmiləşdirməyə hələlik tələsmirlər.
Təbii ki, bütün bunlara paralel olaraq, Azərbaycanın regional mövqeləri daha da güclənnir. Rəsmi Bakı artıq regional nəqliyyat-kommunikasiya xətlərinin açılması prosesində əsas geoiqtisadi və geopolitik iradə mərkəzidir. Çünki Azərbaycan həm Rusiya, həm ABŞ və Qərb, həm də Türkiyə ilə balanslı manevr imkanlarına malikdir. Yəni, rəsmi Bakı Cənubi Qafqazda geopolitik qaydaları müəyyən edən tərəf kimi çıxış edir. Və rəsmi İrəvanın regional layihələrə qoşulmaq məcburiyyəti, eləcə də, Rusiyanın zəifləyən təsiri Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir.
Göründüyü kimi, Cənubi Qafqazda Rusiya mərkəzli köhnə təhlükəsizlik və nəzarət arxitekturası artıq dağılıb. Rusiya bu regionda indi yalnız geoiqtisadi və logistika faktorları üzərindən öz mövcudluğunu qorumağa çalışır. Ermənistan tədricən geopolitik orientasiyasını dəyişir. Ancaq rəsmi İrəvan bu keçidin risklərini hələ tam öz üzərinə götürmək istəmədiyindən, məhz Rusiyanı ABŞ və Qərblə toqquşmaya çəkir. Azərbaycan-Türkiyə İttifaqı isə regionun yeni geopolitik reallığını de-fakto formalaşdıran əsas güc mərkəzinə çevrilib. Cənubi Qafqazda "geopolitik saat" artıq keçmişə bağlı deyil, yalnız gələcəyi göstərir. Və bu prosesin isə qarşısını almaq artıq mümkün deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
![]()