ABŞ Venesuela hökumətini hələ də terror təşkilatları siyahısına salmayıb- ÖZƏL
10:57 DünyaABŞ Venesuela hakimiyyətini rəsmi olaraq xarici terror təşkilatları siyahısına daxil etməyib. Olaylar.az xəbər verir ki, bu, ABŞ Prezidenti Donald Trampın Venesuela hökumətini terror təşkilatı kimi tanıdığına dair açıqlamalarına baxmayaraq, Dövlət Departamentinin saytında dərc olunan siyahıda öz əksini tapmayıb. Siyahıda Venesuela hakimiyyəti ilə əlaqəli olduğu iddia edilən və Karakasın mövcudluğunu inkar etdiyi "Cartel de los Soles" adlı narkokartel yer alır. Vaşinqtonun mövqeyinə görə, bu kartel Venesuela hakimiyyətinə bağlıdır və ABŞ administrasiyası tərəfindən 24 noyabr tarixində rəsmi olaraq xarici terror təşkilatı kimi tanınıb. Bununla belə, Venesuela hökumətinə aid hər hansı rəsmi qurum siyahıya salınmayıb.
Eyni zamanda Venesuela ABŞ Dövlət Departamentinin terrorizmi dəstəkləyən ölkələr siyahısında da yer almır. Həmin siyahıya hazırda İran, Şimali Koreya, Kuba və Suriya daxildir. ABŞ rəsmiləri son vaxtlar Suriyanın bu siyahıdan çıxarıla biləcəyini də istisna etməyiblər.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Venesulaya gedən və ya bu ölkədən çıxan sanksiyalı tankerlərin bloklanması barədə göstəriş verdiyini açıqlayıb. ABŞ Prezidenti Truth Social sosial şəbəkəsindəki paylaşımında Venesuela hakimiyyətini "xarici terror təşkilatı" kimi tanıdığını da bildirmişdi.