Tramp Braun Universitetində təhlükəsizlik kameralarının azlığını sərt tənqid etdi- ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetində təhlükəsizlik tədbirlərini kəskin şəkildə tənqid edib. O, universitet ərazisində müşahidə kameralarının kifayət qədər olmamasını qəbuledilməz adlandırıb. Olaylar.az xəbər verir ki, Tramp bu barədə özünün Truth Social platformasında paylaşım edərək bildirib:
"Braun Universitetində niyə bu qədər az təhlükəsizlik kamerası var idi? Bunun heç bir bəraəti yoxdur. Bu dövrdə bundan pisini təsəvvür etmək olmaz."
Qeyd edək ki, ötən şənbə axşamı Braun Universitetinin ərazisində atışma baş verib. Hadisə nəticəsində azı iki nəfər ölüb, doqquz nəfər isə yaralanıb. Bazar günü hüquq-mühafizə orqanları istintaq üçün maraqlı şəxs kimi bir nəfərin saxlanıldığını açıqlayıb. ABŞ mediasının məlumatına görə, həmin şəxs 24 yaşlı Benjamin Erikson olub. O, əvvəllər ABŞ Silahlı Qüvvələrində xidmət edib, snayper hazırlığı keçib və Braun Universitetinə təhsil üçün köçürülməsi nəzərdə tutulub.
Lakin bazar günü axşam saatlarında hakimiyyət orqanları Eriksonun sərbəst buraxıldığını açıqlayıb. Bildirilib ki, istintaq zamanı toplanan məlumatlar hadisənin başqa istiqamətdə inkişaf etdiyini göstərir. Federal Təhqiqat Bürosu (FBI) isə atəş açan şəxslə bağlı məlumat verənlər üçün 50 min dollar məbləğində mükafat elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31