Macarıstan Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı bəyanatı blokladı – ÖZƏL

Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxan Macarıstan Aİ-nin genişlənmə prosesi ilə bağlı illik bəyanatını bloklayıb. 

Olaylar.az xəbər verir ki, DW nəşrinin məlumatına görə, Macarıstanın baş naziri Viktor Orbanın hökuməti Ukraynanın Avropa inteqrasiyası yolunda əldə etdiyi irəliləyişin müsbət qiymətləndirilməsini dəstəkləməyib.

Danimarkanın Avropa məsələləri üzrə naziri Mari Bjerre bildirib ki, Aİ-yə üzv digər 26 ölkə Ukraynanın Brüsselin tələblərini yerinə yetirməsində irəliləyişini təsdiqləyib. Onun sözlərinə görə, bəyanat layihəsində Ukrayna ilə bağlı ifadələr "ədalətli və proporsional" olub.

Almaniyanın Avropa məsələləri üzrə naziri Gunter Krixbaum Macarıstanın addımlarını "getdikcə daha destruktiv" adlandıraraq Budapeşti Aİ qərarlarını bloklamaqda ittiham edib.

Macarıstanın vetosu Ukraynanın Aİ-yə üzvlük üzrə rəsmi danışıqlara başlamasını hələlik mümkünsüz edir. Bununla yanaşı, üzvlük şərtləri ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr davam edir. Mari Bjerre qeyd edib ki, bu proses Ukraynaya islahatların aparılması və üzv ölkələrin gözləntiləri barədə konkret istiqamətlər verir. O, Macarıstan vetosunu geri götürərsə, Kiyevin sürətli irəliləyiş əldə edə biləcəyinə əminliyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31