ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsindən imtina üçün təzyiq göstərir- ÖZƏL

ABŞ hakimiyyəti Avropa İttifaqına Ukraynanın dondurulmuş Rusiya aktivlərindən "təzminat krediti" almasının qarşısını almaq məqsədilə misli görünməmiş təzyiq göstərir. Olaylar.az xəbər verir ki, bu barədə Avropanın Politico nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası dost hökumətlərə təsir edərək, dondurulmuş Rusiya aktivlərindən 210 milyard avronun istifadəsinə razılıq verməmələrini istəyir. Politico vurğulayır ki, əvvəllər Aİ-də prosesin irəliləməməsinin səbəbi kimi Belçika göstərilirdisə, indi məsələni "Tramp amili" ilə izah edirlər. Bundan əlavə, nəşr bildirir ki, ABŞ-ın "pərdəarxası kampaniyası" nəticəsində İtaliya, Bolqarıstan, Malta və Çexiya da bu təşəbbüsə qarşı çıxan ölkələr sırasına qoşulub.
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli isə anonim mənbələrin iddialarının ciddi qəbul edilməməli olduğunu deyib. Onun sözlərinə görə, ABŞ-ın yeganə məqsədi Ukrayna münaqişəsinə son qoymaqdır. Kelli əlavə edib ki, Rusiya tərəfi aktivlərin dondurulması ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib, ABŞ isə sadəcə dialoqa töhfə verir.
Xatırladaq ki, dekabrın 12-də Avropa İttifaqı Şurası Rusiyanın suveren aktivlərinin müddətsiz bloklanması barədə qərar qəbul edib. Avropa Komissiyası 18-19 dekabr tarixlərində keçiriləcək sammitdə Aİ ölkələrindən bu aktivlərin müsadirəsi ilə bağlı razılıq əldə etməyə ümid edir. Belçikanın baş naziri Bart De Vever isə Avropa Komissiyasının planlarını "oğurluq" adlandırıb. Krallıq mümkün Rusiya cavab tədbirlərindən ehtiyatlanır və Aİ ölkələrindən hüquqi cəhətdən məcburi təminatlar tələb edir. Aİ-də adının açıqlanmasını istəməyən bir rəsmi Politicoya bildirib ki, ABŞ "birliyi zəiflətmək" istəyir.
Rusiya Prezidenti Vladimir Putin də Avropada müzakirə olunan aktivlərin müsadirəsini "oğurluq aktı" kimi qiymətləndirib. TASS-ın məlumatına görə, Rusiyanın ədliyyə naziri Konstantin Çuyçenko ölkə rəhbərliyinə mümkün müsadirəyə cavab variantlarının artıq təqdim olunduğunu bildirib. Kremlin sözçüsü Dmitri Peskov isə Moskvanın belə addımları cavabsız qoymayacağını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31