Beynəlxalq Sülh və Etimad Forumu süni intellektdən etik istifadəni dəstəklədi- ÖZƏL
09:18 DünyaAşqabadda dövlət və hökumət başçıları səviyyəsində keçirilən Beynəlxalq Sülh və Etimad Forumunun iştirakçıları rəqəmsal texnologiyalar və süni intellektdən etik istifadənin vacibliyini vurğulayıblar.
Olaylar.az xəbər verir ki, bu barədə forumun yekununda qəbul edilən və çərşənbə günü "Neytral Türkmənistan" rəsmi qəzetində dərc olunan Aşqabad Bəyannaməsində bildirilib.
Sənəddə qeyd olunur ki, rəqəmsal texnologiyalar və süni intellektin sülhün, dialoqun və dayanıqlı inkişafın təşviqində böyük potensialı var. Bununla yanaşı, onların BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun şəkildə etik çərçivədə istifadəsinin təmin edilməsinin zəruriliyi qətiyyətlə vurğulanır. Forum iştirakçıları sülhün, etimadın və dialoqun beynəlxalq münasibətlərin əsas dayaqları və ədalətli, inklüziv, təhlükəsiz dünya nizamının təməli olaraq qaldığını təsdiqləyiblər. Bəyannamədə bildirilir ki, getdikcə daha mürəkkəb və qarşılıqlı asılı dünyada sülh və etimad mədəniyyəti davamlı siyasi iradə, açıq ünsiyyət və BMT Nizamnaməsində əks olunan prinsiplərə uyğun həqiqi çoxtərəfli dialoq vasitəsilə möhkəmləndirilməlidir. Bu kontekstdə BMT Sivilizasiyalar Alyansının fəaliyyəti alqışlanır. Sənəddə, həmçinin, neytral dövlətlərin ərazilərindən sülh danışıqları və münaqişələrin nizamlanması prosesləri üçün səmərəli istifadə edilməsi, o cümlədən vasitəçilik üçün xüsusi platformaların yaradılması dəstəklənib. Türkmənistanın öz ərazisində BMT-nin himayəsi altında "Sülh naminə Vasitəçilik Palatası" yaratmaq təşəbbüsünə təşəkkür ifadə olunub.
Bəyannamədə Türkmənistanın neytrallığa əsaslanan qlobal təhlükəsizlik konsepsiyasının hazırlanması istiqamətində fəaliyyəti də müsbət qiymətləndirilib. Bu konsepsiyanın etimada, suverenliyə hörmətə, neytrallığa və daxili işlərə qarışmama prinsipinə söykənən müasir kollektiv sülh anlayışını formalaşdırmaq məqsədi daşıdığı vurğulanır.