Qazaxıstanda 10 ən böyük bank sektor kapitalının 88%-nə nəzarət edir – ÖZƏL
09:17 DünyaQazaxıstanda bank sektorunun ümumi xüsusi kapitalının 88 faizi ölkənin 10 ən böyük bankının payına düşür.
Olaylar.az xəbər verir ki, ranking.kz portalının məlumatına görə, noyabrın 1-nə ikinci səviyyəli bankların xüsusi kapitalı 10 trilyon təngəyə yaxınlaşıb və bir ay ərzində 2,1% artıb. Bunun 8,7 trilyon təngəsi aparıcı on bankda cəmlənib.
Aylıq artım tempinə görə Bank RBK lider olub: bankın kapitalı 6,2% artaraq 233,6 milyard təngəyə çatıb. İllik artım isə təxminən 18% təşkil edib. Bank RBK noyabrda 176,8 milyard təngə həcmində dövlət dəstəyini vaxtından əvvəl tam qaytararaq sağlamlaşdırma proqramında iştirakını planlaşdırılandan yeddi il tez başa vurub.
Kapital artımına görə ikinci yerdə 4,2% artımla Kaspi Bank, üçüncü yerdə isə 3,3% artımla Freedom Bank qərarlaşıb. Avrasiya Bankı isə top-10 arasında kapitalında azalma göstərən yeganə bank olub - göstərici 0,7% aşağı düşüb.
Qeyd edək ki, xüsusi kapital bankın maliyyə dayanıqlığını göstərən əsas göstəricilərdən biri hesab olunur.