İrəvan Aİ ilə “hibrid təhdidlərə” qarşı əməkdaşlığı müdafiə edir – ÖZƏL
14:00 DünyaErmənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasından deputat Sarkis Xandanyan hökumətin hibrid təhdidlərə qarşı mübarizə məsələsində Avropa İttifaqına müraciətini Aİ ölkələrinin bu sahədə effektiv mexanizm və alətlərə malik olması ilə izah edib.
Olaylar.az xəbər verir ki, jurnalistlərə açıqlamasında deputat bildirib ki, hibrid hücumlar və dezinformasiya təkcə Ermənistanın problemi deyil və Aİ bu sahədə təcrübəsini bölüşməyə hazırdır. Onun sözlərinə görə, bu, ölkənin daxili işlərinə müdaxilə deyil, sadəcə təcrübə mübadiləsidir. Xandanyan eyni zamanda müxalifətin "müdaxilə" iddialarına cavab olaraq "rus oliqarxının təsiri" mövzusunu gündəmə gətirib.
Aİ-nin hibrid təhdidlərin mənbəyi kimi Rusiyanı göstərməsi ilə bağlı suala deputat birbaşa cavab verməyərək, Rusiya dövlət kanallarında Ermənistanın demokratik prosesləri ilə bağlı yayılan fikirləri "hibrid addımlar" adlandırıb, problemlərin həm xaricdən, həm də ölkə daxilindən qaynaqlana biləcəyini deyib.
Xandanyan konkret alətlər barədə detallı məlumata malik olmadığını etiraf edib, dezinformasiyaya qarşı mübarizənin dövlət institutlarının gücləndirilməsi və medianın dəstəklənməsi ilə aparıldığını vurğulayıb. O, həmçinin iddia edib ki, Ermənistanın güc strukturları Avropa ölkələri ilə müqayisədə daha "yumşaq" fəaliyyət göstərir.