Moskva Gürcüstanla münasibətlərin normallaşmasına hazırdır – ÖZƏL

Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasına ciddi şəkildə hazırdır. Bu şərtlə ki, Gürcüstan Rusiyaya qarşı oyunlarda "alver predmetinə" çevrilməsin. 

Olaylar.az xəbər verir ki, bu barədə RIA Novosti agentliyinə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü departamentinin direktoru Mixail Kaluqin məlumat verib.

Onun sözlərinə görə, Moskva Tbilisi ilə sabit və praqmatik münasibətlər qurmaq niyyətindədir. Kaluqin bildirib ki, Gürcüstan son dövrlərdə xarici siyasətdə sağlam praqmatizm və çoxvektorlu yanaşma nümayiş etdirir.

Rusiya rəsmisi vurğulayıb ki, Gürcüstan Rusiyaya qarşı sanksiya koalisiyasına qoşulmayıb və ona kənardan sırıdılan, Rusiyaya qarşı "ikinci cəbhə"nin açılması ilə bağlı ssenarini rədd edib.

Kaluqinin sözlərinə görə, məhz bu yanaşma sayəsində son illərdə iqtisadi sahədə mühüm irəliləyişlər əldə olunub: "Diplomatik münasibətlər olmasa da, real fayda verən fəal əlaqələr mövcuddur."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31