Taylandın müdafiə naziri: Kamboca ilə sərhəddəki döyüşlər uzun sürməyəcək- ÖZƏL
11:58 DünyaTaylandın müdafiə naziri Nattapon Nakpaniç ölkəsinin Kamboca ilə sərhəddə yaşanan silahlı qarşıdurmanın uzunmüddətli olmayacağını bildirib. Olaylar.az xəbər verir ki, bu barədə The Nation qəzeti məlumat yayıb.
Nazirin sözlərinə görə, Tayland-Kamboca sərhədindəki vəziyyət ordunun hazırladığı plan əsasında "addım-addım" irəliləyir. O qeyd edib ki, Tayland Silahlı Qüvvələrinin vəziyyəti tam nəzarət altına alması üçün bir qədər zamana ehtiyac var. Nakpaniç Banqkokun tətbiq etdiyi yanacaq və hərbi təchizat məhdudiyyətlərini zəruri tədbir kimi qiymətləndirib.
"Biz bir-birimizi məhv etmək üçün güc və silahdan istifadə etmirik. Bu addımlar Kambocanın Taylanda qarşı əməliyyat imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır", - deyə müdafiə naziri vurğulayıb. Əlavə edib ki, Banqkok münaqişəni sülh yolu ilə həll etmək niyyətindədir. Onun sözlərinə görə, Tayland yalnız Kambocanın açıq və aydın şəkildə düşmənçilik fəaliyyətini dayandırmasından sonra atəşkəsə razılaşacaq.