ABŞ-Böyük Britaniya texnoloji sazişi dayandırılıb – ÖZƏL
11:39 DünyaABŞ Böyük Britaniya ilə imzalanmış texnoloji əməkdaşlıq sazişinin icrasını dayandırıb.
Olaylar.az xəbər verir ki, Financial Times qəzetinin Böyük Britaniya rəsmilərinə istinadla verdiyi məlumata görə, bu addım Vaşinqtonun Londonla aparılan ticarət danışıqlarından narazılığı fonunda atılıb.
Sentyabr ayında bağlanan "texnoloji rifah" sazişi süni intellekt, kvant hesablamaları və nüvə enerjisi sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tuturdu. Britaniya rəsmiləri ABŞ-nin sazişi ötən həftə müvəqqəti dayandırdığını təsdiqləyib. Bildirilib ki, Tramp administrasiyası Böyük Britaniyadan texnologiya sahəsindən kənar məsələlər üzrə də güzəştlər tələb edir.
Qeyd olunur ki, tərəflər may ayında ABŞ-nin Britaniya məhsullarına tətbiq etdiyi sərt tariflərin yumşaldılması barədə razılığa gəlsələr də, ticarət danışıqları davam edir. ABŞ rəsmiləri Britaniyanın qida və sənaye məhsullarının satışı ilə bağlı qayda və standartlar da daxil olmaqla, qeyri-tarif maneələrini aradan qaldırmaq istəməməsindən getdikcə daha çox narazıdır. Vaşinqton uzun müddətdir ki, Londonun ABŞ-nin qida və kənd təsərrüfatı standartlarını tanımasını tələb edir.