ABŞ Maliyyə Naziri Aİ səfirləri ilə Ukrayna münaqişəsinin sülh yolu ilə həllini müzakirə edib- ÖZƏL
11:23 DünyaABŞ-ın maliyyə naziri Skott Bessent Avropa İttifaqına üzv 27 ölkənin səfirləri ilə görüş keçirərək Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması perspektivlərini müzakirə edib.
Olaylar.az xəbər verir ki, nazir görüşdən sonra "X" sosial şəbəkəsində paylaşım edərək bildirib ki, ABŞ Prezidenti Donald Tramp sülhün tərəfdarıdır və onun rəhbərliyi altında Vaşinqton Ukraynadakı münaqişənin dayandırılmasını prioritet olaraq görməyə davam edəcək.
Danışıqlar zamanı Skott Bessent ABŞ-ın Avropa İttifaqı iqtisadiyyatının inkişafında və onun rəqabət qabiliyyətinin artırılmasında maraqlı olduğunu da vurğulayıb. O, həmçinin Aİ-yə üzv bütün ölkələrin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşəbbüsü ilə transmillli korporasiyalar üçün 15 faiz həcmində vahid vergi dərəcəsinin tətbiqini nəzərdə tutan vergi islahatını dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, dekabrın 9-da Skott Bessent Ukraynanın baş naziri Yuliya Sviridenko ilə telefon danışığı apararaq ABŞ Maliyyə Nazirliyinin "Rosneft" və "Lukoyl" şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsini müzakirə etdiyini açıqlamışdı.