Tramp ilk dəfə Meksika sərhədinin müdafiəsinə görə medallar təqdim etdi- ÖZƏL
10:22 DünyaABŞ Prezidenti Donald Tramp qeyri-qanuni miqrasiya ilə mübarizə kampaniyası çərçivəsində administrasiyası tərəfindən təsis edilən "Meksika sərhədinin müdafiəsinə görə" medalını ilk dəfə təqdim edib. Olaylar.az xəbər verir ki, mükafatlandırma mərasimində çıxış edən Tramp bildirib ki, vəzifəyə başladığı ilk gündə imzaladığı sərəncamla ABŞ Silahlı Qüvvələrinin əsas vəzifəsi ölkə sərhədlərinin qorunması və müdafiəsi elan edilib. "Biz bu gün burada hərbçilərimizi - qadın və kişiləri şərəfləndirmək və sərhədlərimizin müdafiəsində onların mərkəzi rolunu qeyd etmək üçün toplaşmışıq", - deyə Tramp vurğulayıb.
İlk mərhələdə ABŞ hərbçilərinə ümumilikdə 13 medal təqdim olunub. Pentaqonun rəhbəri Pit Heqsetin sözlərinə görə, hazırda ABŞ-Meksika sərhədinin mühafizəsində 25 minə yaxın amerikalı hərbçi iştirak edir.
Sarı-yaşıl lentli medal Pentaqon tərəfindən 2025-ci ilin avqustunda təsis edilib. Bu vaxta qədər sərhədin mühafizəsində xidmət edən hərbçilər "Silahlı Qüvvələrdə xidmətə görə" medalı ilə təltif olunurdu. Yeni medalın nizamnaməsinə əsasən, onun dizaynı 1918-ci ildə Meksika inqilabı dövründə general Panço Vilyanın dəstələrinə qarşı göndərilən ABŞ hərbi ekspedisiyasının iştirakçılarına verilmiş "Meksika sərhədində xidmətə görə" medalın vizual surətidir.
Donald Tramp dəfələrlə bəyan edib ki, onun hakimiyyətə gəlişinə qədər ABŞ ərazisinə təxminən 25 milyon nəfər qeyri-qanuni şəkildə daxil olub. Prezident immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb. O, andiçmədən sonra ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiqi barədə sərəncam imzalayıb və ölkə tarixində ən genişmiqyaslı qeyri-qanuni miqrantların deportasiya əməliyyatını həyata keçirməyi planlaşdırdığını açıqlayıb.