Zelenski: Ukrayna üçün NATO-nun 5-ci maddəsinə yaxın təhlükəsizlik zəmanətləri üzrə razılaşma var- ÖZƏL

Ukrayna Prezidenti Volodimir Zelenski Berlində keçirilən danışıqlardan sonra Ukrayna, ABŞ və Avropa arasında Ukrayna üçün NATO-nun 5-ci maddəsinin mahiyyətinə yaxın təhlükəsizlik zəmanətləri üzrə ilkin razılaşmanın əldə olunduğunu təsdiqləyib.
Olaylar.az xəbər verir ki, Zelenski jurnalistlərə açıqlamasında bildirib ki, tərəflər beş sənəd üzərində razılığa gəlib və onların bir hissəsi təhlükəsizlik zəmanətləri ilə bağlıdır. Onun sözlərinə görə, bu zəmanətlər hüquqi baxımdan məcburi olacaq və ABŞ Konqresində səsvermə yolu ilə təsdiqlənməlidir.
"Biz beş sənədə ümid edirik, onların bir qismi təhlükəsizlik zəmanətlərinə aiddir. Bunlar hüquqi baxımdan məcburi sənədlərdir, yəni ABŞ Konqresində səsvermə və təsdiq tələb olunur. NATO-da olduğu kimi 'beşinci maddə' məntiqinə yaxın mexanizm nəzərdə tutulur. Bu məsələ ilə bağlı razılaşmalar var və bu, çox vacibdir", - deyə Zelenski Berlindən dönüş zamanı təyyarədə jurnalistlərə bildirib.
Ukrayna prezidenti əlavə edib ki, güclü təhlükəsizlik zəmanətlərinə çox yaxınlaşıblar: "Kağız üzərində bu gün yaxşı elementləri görürük. Amma həlledici məqam ABŞ Konqresində səsvermənin keçirilməsidir".
Berlindəki danışıqlardan dərhal sonra ABŞ-ın iki rəsmi şəxsinə istinadən yayılan məlumatda da bildirilib ki, bu sənəd sülh planının bir hissəsi kimi razılaşdırılıb. Mənbələrə görə, razılaşmanın əsasını NATO-nun 5-ci maddəsinə bənzər son dərəcə güclü təhlükəsizlik zəmanətləri və ciddi çəkindirmə mexanizmləri təşkil edir. Bu mexanizmlər Ukrayna ordusunun sayı və silahlanma imkanlarını da əhatə edir.
Xatırladaq ki, NATO-nun 5-ci maddəsinə əsasən, alyansın hər hansı bir üzvünə hücum bütün üzvlərə hücum kimi qiymətləndirilir və zərərçəkən ölkəyə yardım göstərilir. Bu yardım mütləq hərbi xarakter daşımaya da bilər.
ABŞ rəsmilərindən biri qeyd edib ki, prezident Donald Tramp Rusiyanı Ukrayna üçün bu cür zəmanətlərlə razılaşmağa inandıra biləcəyinə inanır. Lakin Kreml və Rusiya Xarici İşlər Nazirliyinin ilkin planla bağlı skeptik mövqeyi fonunda bu inamın nəyə əsaslandığı hələ də aydın deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31