Qazaxıstanın “Kundelik”platformasında məlumat sızması iddiaları təkzib olunub – ÖZƏL

Olaylar.az xəbər verir ki, süni intellekt və rəqəmsal inkişaf nazirliyi Kundelik elektron gündəliyinin sındırılması ilə bağlı yayılan iddiaların təsdiqini tapmadığını açıqlayıb. Nazirliyin məlumatına görə, aparılan yoxlama zamanı sistemə kənar müdaxilə faktı aşkar edilməyib və şəxsi məlumatların qorunması daim nəzarətdə saxlanılır.

Yoxlamaya səbəb anonim Telegram kanalında yayılan və Kundelik istifadəçilərinə aid ad, soyad, doğum tarixi, məktəb və sinif məlumatlarının açıq internet məkanına düşdüyü iddiaları olub. Bildirilirdi ki, bu məlumatlar guya 2025-ci ilin sentyabr ayına aiddir.

Kundelik şirkəti isə məlumatın anonim və məsuliyyətsiz mənbədən yayıldığını, hazırda daxili texniki araşdırma aparıldığını bildirib. Şirkət qeyd edib ki, yoxlama yekunlaşmadan hər hansı nəticə çıxarmaq tezdir və araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Eyni zamanda vurğulanıb ki, yayılan məlumatlar təhsil müəssisələrinin tədris prosesi çərçivəsində malik olduğu əsas məlumatlardır və Kundelik təhlükəsizlik auditlərini mütəmadi həyata keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31