Avstraliyanın Baş naziri Sidney terrorçusunu zərərsizləşdirən şəxsi qəhrəman adlandırdı- ÖZƏL

Avstraliyanın Baş naziri Entoni Albanese Sidneydə baş verən terror hadisəsi zamanı terrorçulardan birini zərərsizləşdirən şəxsi qəhrəman adlandırıb. Baş nazir xəstəxanada həmin şəxsi ziyarət edərək göstərdiyi cəsarətə görə ona təşəkkür edib. Olaylar.az xəbər verir ki, bu  barədə Albanesenin "Facebook" səhifəsində paylaşım edilib.
Paylaşımda baş nazir 43 yaşlı Əhməd əl-Əhmədlə xəstəxana palatasında görüşündən görüntülər yayımlayıb və qeyd edib:
"Əhməd, sən Avstraliyanın qəhrəmanısan. Başqalarını xilas etmək üçün öz həyatını riskə ataraq Bondi çimərliyində təhlükəyə doğru qaçdın və terrorçunu zərərsizləşdirdin. Ən çətin anlarda avstraliyalıların ən yaxşı keyfiyyətləri üzə çıxır. Bazar günü axşamı da məhz bunu gördük. Hər bir avstraliyalı adından sənə təşəkkür edirəm".
Jurnalistlərə açıqlamasında Albanese əl-Əhmədi "əsl avstraliyalı qəhrəman" adlandırıb: "O, çox təvazökardır, lakin onun cəsarəti bütün avstraliyalıları ruhlandırır".
Avstraliyanın general-qubernatoru Samanta Mostin də xəstəxanada əl-Əhmədi ziyarət edib və ona igidliyə görə mükafat təqdim etməyi planlaşdırdığını bildirib. Mostin, həmçinin Böyük Britaniya kralı III Çarlzın adından əl-Əhmədə "mütləq qəhrəmanlığa" görə təşəkkür çatdırıb.
Terror hadisəsinin baş verdiyi gün yaralanan Əhməd əl-Əhməd üçün ianə kampaniyası başladılıb. Hazırda təxminən 2 milyon Avstraliya dolları (1,3 milyon ABŞ dollarından çox) vəsait toplanıb. İlk ianəni - 33 min dolları "Car Hub Australia" avtomobil klubu edərək, "ən məsuliyyətli anda inanılmaz cəsarət göstərən insana dəstək və minnətdarlıq ifadə etmək" çağırışı edib.
Qeyd edək ki, Avstraliya mediası daha əvvəl internetdə terrorçunun insanlara atəş açdığı anlarda bir kişinin ona arxadan yaxınlaşaraq silahını əlindən aldığı görüntüləri yayımlamışdı. Sonradan məlum olub ki, qəhrəman 43 yaşlı suriyalı, Sidney sakini və kiçik dükan sahibi Əhməd əl-Əhməddir. O, terrorçu ilə əlbəyaxa mübarizə zamanı çiynindən bir neçə xəsarət alıb və xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31