Putin Hindistanla hərbi sazişi ratifikasiya etdi - ÖZƏL

Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Hindistan arasında hökumətlərarası sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Olaylar xəbər verir ki, saziş iki ölkənin ərazilərinə hərbi qulluqçuların, eləcə də hərbi gəmilərin və təyyarələrin göndərilməsi qaydasını müəyyən edir.

Rəsmi hüquqi aktların dərc olunduğu portala yerləşdirilən sənəddə hərbçilərin və hərbi texnikanın hərəkəti ilə yanaşı, onların maddi-texniki təminatı məsələləri də tənzimlənir.

Razılaşma birgə təlim və məşqlərin keçirilməsi, humanitar yardımın göstərilməsi, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması, həmçinin digər razılaşdırılmış hallarda tətbiq olunacaq.

Ratifikasiya Rusiya və Hindistan arasında hava məkanından qarşılıqlı istifadənin, eləcə də hərbi gəmilərin hər iki ölkənin limanlarına daxil olmasının sadələşdirilməsini nəzərdə tutur və hərbi əməkdaşlığın gücləndirilməsinə yönəlib.

Daha əvvəl Rusiya hökuməti Hindistanla hərbçilərin, gəmilərin və təyyarələrin qarşılıqlı göndərilməsi qaydasına dair sazişi Dövlət Dumasının müzakirəsinə təqdim etmişdi.

Qeyd edək ki, bundan əvvəl Belarus parlamenti də Rusiya ilə İttifaq Dövlətinin vahid elektrik enerjisi bazarının formalaşdırılması haqqında sazişin ratifikasiyasını təsdiqləyib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31