ABŞ-nin 2026 müdafiə büdcəsi: Ukraynaya 400 milyon dollar yardım nəzərdə tutulur – ÖZƏL
10:48 DünyaABŞ qanunvericiləri bazar günü 2026-cı il üçün müdafiə büdcəsi haqqında qanun layihəsini açıqlayıblar. Sənəddə milli təhlükəsizlik xərclərinin rekord səviyyəyə çatdırılması və Ukraynaya 400 milyon dollar həcmində yardım ayrılması nəzərdə tutulur.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı The Hill yayıb.
Qanun layihəsinə əsasən, 2026-cı il üçün müdafiə büdcəsinin həcmi 901 milyard dollar olacaq. Prezident Donald Tramp isə bunun üçün 892,6 milyard dollar tələb etmişdi.
Sənəddə Ukraynaya hərbi yardımın 400 milyon dollar olması ayrıca göstərilir: "Ukraynanın təhlükəsizliyinin təmin olunmasına dəstək təşəbbüsünün genişləndirilməsi və yenilənməsi - 2026-cı maliyyə ili üçün 400 milyon dollar".
Qanun layihəsi həmçinin Rusiyanın hərbi strategiyası, məqsədləri və Hind-Sakit okean regionuna təsir edən qüvvələrinin qiymətləndirilməsini tələb edir. Xüsusilə, Rusiyanın Çinlə əməkdaşlığı - müdafiə məhsullarının ticarəti, birgə hərbi təlimlər və kəşfiyyat mübadiləsi diqqət mərkəzində olacaq.
Bundan əlavə, layihədə Rusiya-KXDR müqaviləsinin məqsədlərinin, o cümlədən texnologiya mübadiləsinin təhlili də tələb olunur.
Sənəddə Çin, Rusiya, İran və KXDR arasında diplomatik, informasiya, hərbi və iqtisadi sahələrdə mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlığın xarakterinin və miqyasının təsviri də yer alır.
The Hill qeyd edir ki, qanun layihəsi üzrə səsvermə bu həftə baş tuta bilər.