Paşinyan–Kilsə savaşı Ermənistanı aşdı: Livan katolikosu meydanda – mübarizə yeni mərhələyə keçir
8 Dekabr 10:17 DünyaErmənistan daxilində uzun müddətdir davam edən Paşinyan-kilsə qarşıdurması artıq ölkə sərhədlərini aşaraq diaspor mərkəzlərinə də sıçrayıb.
Olaylar.az xəbər verir ki, bu dəfə proses Livanda yerləşən Böyük Kilikiya Evinin Katolikosluğunu özünə cəlb edib. Anteliasdakı erməni dini rəhbərliyi sayılan Katolikos Aram I son çıxışı ilə Paşinyan hakimiyyətinə açıq şəkildə meydan oxuyub və kilsənin mövqeyini daha sərt tonla bəyan edib. Liturgiya mərasimindən sonra səsləndirdiyi "Ermənistanda ədalətsizlik olanda Antelias 'yox' deyir və deməyə davam edəcək" sözləri qarşıdurmanın yeni mərhələyə keçdiyini nümayiş etdirib.
Aram I son aylarda aktiv şəkildə xarici səfərlərdə iştirak edir və hər platformada Qarabağda dağıdılmış separatçı rejimin tanıdılması məsələsini yenidən gündəmə gətirməyə cəhd göstərir. Xüsusilə Kanada səfəri zamanı qondarma "Artsax"ın tanıdılması ideyasının rəsmi səviyyəyə daşınması Paşinyan xəttinin əksinə bir istiqamət kimi dəyərləndirilir. Ermənistan hökumətinin postmüharibə dövründə Qarabağ mövzusunu bağlamağa çalışdığı bir vaxtda kilsənin bu istiqamətdə aktivləşməsi daxili ideoloji parçalanmanı daha da dərinləşdirir.
Paşinyan hakimiyyəti artıq bir müddətdir kilsənin siyasi təsirini məhdudlaşdırmağa, "kilsə zəncirini qırmağa" yönəlmiş kurs aparır. Bu prosesdə bir sıra rütbəli ruhanilərin saxlanılması, din xadimlərinə qarşı cinayət işlərinin açılması və məhkəmə prosesləri kilsə daxilində ciddi narazılıq yaradıb. Kilsə isə son hadisələri "erməni kimliyinə və tarixi-mənəvi dayaqlara hücum" kimi təqdim edir, həm daxildə, həm də diasporada müqaviməti təşkilatlandırmağa çalışır.
Müşahidəçilərə görə, qarşıdurma təkcə dini mühitlə dövlət arasındakı fikir ayrılığı deyil, həm də Ermənistanın gələcək siyasi-orientasiya modelinə dair kəskin çarpışmadır. Bu mübarizədə Rusiya faktoru da xüsusi qeyd olunur. Kreml kilsə institutundan istifadə edərək Paşinyan hakimiyyətinə təzyiq etməyə, onun qərbyönlü kursunu zəiflətməyə çalışır. Kilsə isə Moskvanın bu dəstəyini daxili müqaviməti genişləndirmək üçün rıçaq kimi istifadə edir.
Beləliklə, Paşinyan-kilsə qarşıdurması artıq Ermənistanın daxilində qapalı proses olmaqdan çıxıb və Livan, Kanada, Rusiya kimi diaspora mərkəzlərinə də daşınaraq genişlənən siyasi-sosial mübarizəyə çevrilib. Tərəflərin geri addım atmaq niyyətində olmadığı görünür. Proses kəskinləşmə xətti üzrə davam edir və gələcəkdə daha sərt fazaya keçəcəyi ehtimal olunur. Bu isə Ermənistan üçün yeni daxili gərginlik dalğasının qaçılmaz ola biləcəyini göstərir.
(Musavat.com)