Şəriətmadəri bu ölkəni “İranın vilayəti” adlandırdı: İlhaq etməliyik
20:38 Dünya"Bəhreynin İrana ilhaqı Bəhreyn xalqının ən təbii haqqıdır".
Teleqraf xəbər verir ki, bu iddianı İranın Ali dini rəhbəri Əli Xameneiyə bağlı "Keyhan" qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari irəli sürüb.
Şəriətmədari Körfəz Əməkdaşlıq Şurasının Bəsrə körfəzindəki üç ada ilə bağlı son bəyanatına toxunaraq bildirib ki, həmin ərazilərə iddia edən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vaxtilə "dəniz quldurlarının sahili" kimi tanınıb.
Xameneinin nümayəndəsi Bəhreynə qarşı da iddia səsləndirib:
"Bu gün Bəhreyn xalqının əsas tələbi İranın ayrılmış bu vilayətinin yenidən ana torpağına - İslam İranına qaytarılmasıdır. Bəllidir ki, bu ayrılmış vilayətin xalqı və İranın təbii haqqı nə görməzlikdən gəlinə, nə də inkar edilə bilər".
Körfəz Əməkdaşlıq Şurası Qətər, Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Oman olmaqla altı dövlətdən ibarətdir. Bu altı ölkə dekabrın 3-də Bəhreyndə keçirilən görüşün yekun bəyanatında İranın nəzarətində olan Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adaları üzərində BƏƏ-nin suveren hüquqlarını müdafiə edib. Körfəz Əməkdaşlıq Şurası Tehrandan tələb edib ki, adaların suverenliyi ilə bağlı məsələnin birbaşa danışıqlar yolu ilə həlli üçün Əbu-Dabinin çağırışlarına cavab versin və ya məsələ Beynəlxalq Ədalət Məhkəməsinə çıxarılsın.
İran və BƏƏ uzun illərdir Hörmüz boğazına yaxınlığı və regiondakı neft potensialına görə strateji mövqedə olan üç ada üzərində mübahisə edir. Adalar 1971-ci ilə qədər İngiltərənin nəzarətində olub. 1971-ci ilin noyabrında İngiltərə adaları BƏƏ-yə təhvil verərək geri çəkildikdən sonra İran əraziləri ələ keçirib. BƏƏ adalarda hərbi qüvvələrini yerləşdirən İranı işğalçı adlandırır.