“İranın Azərbaycandan yox, daha çox Əfqanıstandan su almaq şansı var...”
18:59 Dünya"İran hökumətində təxminən 1990-cı illərin sonunda belə bir ideya yaranmışdı ki, Tacikistana iki boru çəkilə- biri ilə həmin ölkədən İrana su gələ, digər boru ilə isə İrandan Tacikistana xam neft gedə. Bu layihə nəzəri baxımdan asan görünür..."
İranda son aylarda nəinki rəsmən bəyan edilən "geniş yayılmış quraqlıq", eyni zamanda dövlətin vaxtında tədbirlər görməməsi nəticəsində yaranan su böhranı artıq ölkənin və dövlətin bu günü və gələcəyi üçün təhlükələr daşıyan ən ciddi problemlərdən biri halına gəlib.
Xəbər verildiyi kimi, İranın enerji naziri Abbas Əliabadi qonşu ölkələrdən su idxalının planlaşdırılması barədə açıqlama verib.
"Əgər suyu münasib qiymətə satmaq istəyən bir ölkə varsa, biz onu alacağıq", -deyə nazir bildirib.
Bəs görəsən, on milyonlarla qardaş-bacılarımızın da yaşadığı qonşu ölkəyə Azərbaycan da su problemi ilə bağlı hansısa dəstək verə bilərmi? Digər hansı qonşuların İrana su satmaq imkanları var?..
Mövzu ilə bağlı müraciət etdiyimiz Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov Moderator.az-a açıqlamasında bunları söyləyib:
"İranda son aylar ciddi su problemi yaranması haqda dəfələrlə danışmışıq. Ölkədə bu məsələ çox ağır durum yaradıb. Təbii ki, bu, orada yaşayan soydaşlarımızın da həyatına təsirsiz ötüşmür. İndi İran hakimiyyəti çıxış yollarından birini qonşu ölkələrdən pulla su almaqda görür. Ancaq görək, hansı qonşuların özünün su problemi yoxdur ki, bu ölkəyə də su sata bilsin. Hesab edirəm ki, İran su alınmalı qonşu ölkələrdən danışarkən ilk növbədə Azərbaycanı yox, daha çox Əfqanıstanı nəzərdə tuta bilər. Əlbəttə, biz əhalisinin yarısından çoxu Azərbaycan türkü olan bir ölkənin su probleminin həllində iştirakdan məmnunluq duyardıq. Amma hazırda, təəssüf ki, Azərbaycanın özündə su problemi yaranmaqdadır. Deyək ki, Araz çayından su verilməsi nəzərdə tutulursa, onsuz da iki ölkənin sərhədindəki Xudafərin su anbarından hər iki tərəf yarıbayarı- bərabər miqdarda suvarma işləri üçün istifadə edir. Əgər bundan əlavə İrana su satılsa, bizim özümüz üçün problem yarana bilər...
Lakin Əfqanıstanda su boldur. Və hazırda əfqanlar böyük bir kanal tikirlər ki, bu da ölkəni başdan-başa suvarmağa xidmət edəcək. Amma məsələ ondadır ki, hazırda hakimiyyətdə olan Taliban hökuməti ölkə ərazisindəki sulardan İrana satmağa razılaşacaqmı və sərfəli qiymətə satacaqmı? Bu da iki dövlət arasında aparılacaq danışıqlardan asılıdır...
Digər ölkələrə gəldikdə, Ermənistanda su Azərbaycana nisbətən boldur. Ancaq bu ölkə İrana nə qədər və hansı qiymətə su sata bilər ki, öz əhalisi üçün problem yaranmasın? Türkiyədən də bəlkə müəyyən miqdarda su alınması mümkündür. Bunun üçün də müxtəlif şərtlər müzakirə olunmalıdır...
İranın həmsərhəd olmadığı, ancaq nisbətən yaxın ölkələrdən Tacikistanda su bolluğu var. Məhz həmin səbəbdən bu ölkədə, demək olar ki, hər il dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssislərin iştirakıyla qlobal su problemi ilə bağlı 3-4 günlük beynəlxalq tədbirlər keçirilir. Mərkəzi Asiyanın su ehtiyatlarının ən böyük hissəsi məhz Tacikistandadır. Bu da əsasən böyük yüksəkliyə malik Pamir dağlarının zirvələrindəki qar-buz laylarıyla bağlıdır...
İran hökumətində təxminən 1990-cı illərin sonunda belə bir ideya yaranmışdı ki, Tacikistana iki boru çəkilə- biri ilə həmin ölkədən İrana su gələ, digər boru ilə isə İrandan Tacikistana xam neft gedə. Bu layihə nəzəri baxımdan asan görünür. Lakin bu xətlər başqa ölkələrin ərazisindən və müxtəlif relyefli ərazilərdən keçəcəyi üçün böyük miqdarda xərc tələb edir. Odur ki, həmin layihə yalnız danışıqlar səviyyəsində qaldı...
Bir daha təkrar edirəm ki, digər daxili problemlər kimi İrandakı su problemi də əsasən on illərlə xarici siyasətin düzgün qurulmaması səbəbindən yaranıb. Bununla belə, ümid edək ki, qardaşlarımızın da yaşadığı qonşu ölkə tezliklə problemlərinin həllini tapacaq..."