Sırski: “Ukrayna heç bir qarış torpaqdan imtina etməyəcək, bu barədə söhbət belə gedə bilməz”

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Ukraynanın hər hansı ərazi güzəşti etməsi ilə bağlı təklifləri qəti şəkildə rədd edib. 

Olaylar.az xəbər verir ki, o, bu barədə Sky News-a müsahibəsində danışıb.

Sırski bildirib ki, Ukrayna üçün ədalətli sülh yalnız heç bir ilkin şərt olmadan və heç bir ərazi itirilmədən mümkündür. Onun sözlərinə görə, döyüşlər yalnız mövcud təmas xəttində dayandırıla bilər.

Baş komandan vurğulayıb ki, Ukrayna ordusunun əsas missiyası ölkənin torpaqlarını və əhalisini qorumaqdır. Buna görə də torpağın kiməsə verilməsi ilə bağlı istənilən ideya Ukrayna üçün qəbuledilməzdir:

"Bizim üçün torpağı sadəcə vermək nə deməkdir? Biz elə buna görə döyüşürük - torpağımızı verməmək üçün."

Sırski həmçinin Donetsk və Luqansk vilayətlərindən məcburi imtina ssenarisini mümkün saymadığını bildirib. O qeyd edib ki, qəbul ediləcək istənilən qərar ədalət prinsipinə əsaslanmalıdır.

Ukraynanın baş komandanı şərtsiz atəşkəsin zəruriliyini vurğulayıb və yalnız bundan sonra danışıqlara başlamağın mümkün olduğunu deyib:

"Başqa istənilən variant ədalətsiz sülh olar və bizim üçün qəbuledilməzdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31