İsveç Afrikadan yardımı kəsib Ukraynaya yönəldir

İsveç hökuməti Tanzaniya, Mozambik, Zimbabve, Liberiya və Boliviyaya inkişaf yardımını dayandırmaq qərarına gəlib.

Olaylar.az xəbər verir ki, məlumatı  İsveçin Xarici ticarət və inkişaf üzrə naziri Benjamin Dusa mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, bu vəsaitlər Ukraynanı dəstəkləmək üçün istifadə olunacaq: "Gələn il Ukrayna üçün bir çox çətinliklər gözləyirik. Ukraynalılar müharibənin başlanğıcından bəri ən sərt qışla üzləşirlər. Bu, Avropa tarixində həlledici andır".

Bu beş ölkəyə ayrılan yardım 2026-cı ildə 700 milyon kron (74,39 milyon dollar), 2027-ci ildə isə 900 milyon kron (95,64 milyon dollar) təşkil edəcəkdi. Bu ölkələr 31 avqust 2026-cı ildən sonra İsveçdən artıq vəsait almayacaqlar. Yenidən bölüşdürmə nəticəsində Krallığın Ukraynaya qeyri-hərbi dəstəyinin 2 milyard kron (212,55 milyon dollar) olacağı gözlənilir.

İsveç hökuməti əvvəllər inkişaf yardımı büdcəsinin gələn il ərzində 56 milyard krondan 53 milyard kronaya (5,95 milyard dollardan 5,63 milyard dollara) endiriləcəyini açıqlamışdı. Hökumət həmçinin əsas diqqətini yardıma yönəldən Boliviya, Liberiya və Zimbabvedəki İsveç səfirliklərini bağlayacaq. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31