Polşada könüllü hərbi hazırlıq kurslarında iştirak azalır - ÖZƏL

Polşa vətəndaşları ölkənin Müdafiə Nazirliyi tərəfindən təşkil edilən könüllü hərbi hazırlıq kurslarında kütləvi şəkildə iştirak etmir.

Olaylar xəbər verir ki, bu barədə "Radio ZET" məlumat yayıb.

Məlumata görə, bir çox insanlar kurslara yazılsa da, sonradan iştirak etmədiklərini bildirmir və beləliklə, təlimə qoşulmaq istəyən digər şəxslər üçün yerlər boşalmır.

Qeyd olunur ki, bəzi bölmələrdə iştirak səviyyəsi cəmi 50% olub.

Nəşrin yazdığına görə, Polşa ordusunun Baş Qərargahı proqram başladıqdan sonra 4 min nəfərin təlim keçdiyini, ümumi iştirak göstəricisinin isə 84% təşkil etdiyini açıqlayıb. Ən yaşlı könüllünün 91 yaşı var. Kurslara qadınlar da qatılır: ən yaşlı qadın iştirakçının 80 yaşı olub və o, sağ qalma kursunu uğurla başa vurub.

Ən böyük kontingent isə 36-45 yaş aralığındakı şəxslərdir - onlar bütün kursantların təxminən 36%-ni təşkil edir. Ümumilikdə müraciət edənlər arasında 18-24 yaş qrupundakı gənclərin payı isə cəmi 6% olub.

Xatırladaq ki, sentyabr ayında Reuters Polşada hərbi toplanışlara yazılan könüllülərin sayının 2022-ci ildən bəri mümkün Rusiya ilə münaqişə təhlükəsi fonunda iki dəfə artdığını yazmışdı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31