Azərbaycanlı iş adamını aldadan Mstoyan həbs olundu – VİDEO
18:42 DünyaRusiyanın Yaroslavl şəhərində Lilit Mstoyan adlı qadının saxlanıldığı bildirilir.
"Bakupost" xəbər verir ki, özünü kürd kimi təqdim edən qadın illərdir şəhər sakinlərini aqressiv davranışları, hədələri və qalmaqallı çıxışları ilə təhdid edib. Onun erməniləri doğramaqla hədələdiyi, azərbaycanlı iş adamından məhsul alıb ödəniş etmədiyi ilə bağlı xəbərlər var.
Məlumatlara görə, Mstoyanın həbsinə səbəb, qızına verilən aşağı qiymətə görə müəllimi hədələməsi olub. İddia olunur ki, qadın müəllimə qarşı kobud ifadələr işlədib və fiziki təzyiq göstərəcəyi ilə hədələyib. Müəllim təhdidlə bağlı ictimai fəallardan kömək istəyib. Bundan sonra məsələyə polis müdaxilə edib.
Yerli mənbələr yazır ki, Mstoyanın Yaroslavlda açdığı kafe ilə bağlı da bir çox şikayətlər olub. Sakinlər kafenin üfunət, tüstü və səs-küy yaratdığını bildiriblər. Bununla belə, qadın dəfələrlə məsuliyyətdən yayınmağı bacarıb.
Məlumata əsasən, Mstoyan həmçinin 2024-cü ildə azərbaycanlı sahibkar tərəfindən dələduzluqda ittiham olunub. Sahibkarın sözlərinə görə, o, qadının kafesinə Şərq şirniyyatları tədarük edib, lakin qarşılığında ödəniş almayıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilsə də, işin nəticəsi barədə məlumat yoxdur.
Yayılan iddialara görə, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Mstoyan barəsində cinayət işinin açılması ilə bağlı göstəriş verib.