Aİ liderləri Zelenskini ABŞ-dən təhlükəsizlik zəmanəti almadan Rusiya ilə razılaşmamağa çağırıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Wall Street Journal və Der Spiegelin məlumatına görə, Avropa İttifaqının bir neçə lideri Ukrayna prezidenti Volodimir Zelenskiyə ABŞ-dən konkret təhlükəsizlik zəmanəti əldə etmədən Rusiyanın təklif etdiyi sülh şərtlərinə razılaşmamağı tövsiyə edib. Bu mövzu 1 dekabrda Zelenski ilə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında telefon danışığında müzakirə olunub.

Mənbələr bildirir ki, Makron ABŞ-dən Ukraynanın necə qorunacağına dair "aydın və detallı təminat" tələb edilməli olduğunu vurğulayıb. O, hətta ABŞ-nin Ukraynanı ərazi məsələsində "təhlükəsizlik zəmanəti olmadan yarı yolda qoya biləcəyi" barədə xəbərdarlıq edib. Merz isə Vaşinqtonun danışıqlarda ikili oyun apardığını deyib.

Danışıqlarda Finlandiya prezidenti Aleksander Stubb və NATO-nun baş katibi Mark Rutte də iştirak edib. Onlar Aİ ölkələrini "Ukraynanı bu prosesdə tək buraxmamağa" çağırıblar.

Noyabrda ABŞ Ukraynaya 28 maddəlik sülh planı təqdim etmişdi. Daha sonra bu sənəd 22 maddəyə endirildi və Ukrayna ərazi güzəştlərini gündəmdən çıxardı. 2 dekabrda amerikalı vasitəçilər S. Vitkoff və C. Kuşner planı Moskvada Vladimir Putinə təqdim etdilər. NBC News-un mənbələrinə görə, Putin Donbasla bağlı kompromisdən, Ukrayna ordusunun sayının məhdudlaşdırılmasından və işğal olunmuş ərazilərin tanınmasından imtina edib və "hər halda Donbası ələ keçirəcəyini" bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31