İran rəsmisi: “Trampın etirafı ABŞ-nin İranla bağlı yalanlarını bir daha göstərdi” – ÖZƏL
12:55 DünyaOlaylar.az xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rızayi Mehr agentliyinə müsahibəsində bildirib ki, ABŞ prezidenti Donald Trampın son etirafı Vaşinqtonun İsrailin İrana hücumlarını planlaşdırıb idarə etdiyini açıq şəkildə göstərir.
Rızayinin sözlərinə görə, ABŞ əvvəllər İrana qarşı müharibədə iştirakını inkar edirdi, lakin Trampın etirafı "ABŞ administrasiyasında yalanın institutlaşdığını" sübut edir. O, 12 günlük müharibədə minlərlə günahsız iranlının - qadınların, uşaqların və mülki şəxslərin öldürülməsinə görə ABŞ-ni birbaşa məsuliyyət daşımaqda ittiham edib.
İranlı siyasətçi bildirib ki, həmin müharibə "İran xalqına qarşı ABŞ müharibəsi" olub və bu proses boyu xalq həm İsrailə, həm də NATO-ya və ABŞ-yə qarşı qəti mövqe nümayiş etdirib.
Rızayi həmçinin vurğulayıb ki, müharibədən əvvəl aparılan danışıqlar "ABŞ-nin aldatma əməliyyatının bir hissəsi" imiş və Vaşinqton həmin prosesdən hücum üçün vaxt qazanmaq məqsədilə istifadə edib.
Sonda o bəyan edib: "ABŞ ilə danışıqlar bizim üçün faydasızdır. Danışıqlar gedə-gedə bizə hücum etdilər. Eyni səhvi təkrarlamaq olmaz."