NATO baş katibi: “Rusiya hər ay 20 minə yaxın əsgər itirir”- ÖZƏL
16:26 DünyaNATO-nun baş katibi Mark Rutte Rusiyanın Ukraynada çox ağır itkilərlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, indiyədək təxminən 1 milyon rusiyalı öldürülüb və ya ağır yaralanıb. Olaylar.az xəbər verir ki, Rutte bu barədə Almaniyanın RND media qrupuna və İspaniyanın El País qəzetinə verdiyi müsahibədə danışıb. Baş katib qeyd edib ki, Rusiya hər ay təxminən 20 min hərbçisini itirir. O həmçinin vurğulayıb ki, Ukrayna tərəfdən də çox sayda ölən və yaralanan var.
Mark Rutte hesab edir ki, etibarlı və davamlı sülh sazişi üçün Rusiyanın prezidenti Vladimir Putinə bir daha hücuma cəhd etməyəcəyinin aydın şəkildə göstərilməsi zəruridir. "Putin anlamalıdır ki, növbəti hücumun nəticələri onun üçün fəlakətli olacaq", - deyə NATO baş katibi bildirib. Bu məlumatı DW yayıb.
Rutte həmçinin ABŞ prezidenti Donald Trampın təklif etdiyi sülh planını Moskva ilə mümkün razılaşma yolunun əsas elementlərindən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, ABŞ və Ukrayna arasında danışıqlardan ayrı olaraq Aİ və NATO daxilində də müzakirələr gedir, lakin bu proseslərin həmin dialoqla birbaşa əlaqəsi yoxdur.