Aİ Ukraynanın maliyyə çöküşünün qarşısını almaq üçün təcili kredit planı hazırlayır- ÖZƏL

Avropa ölkələri 2026-cı ilin əvvəlində Ukraynanın mümkün maliyyə böhranının qarşısını almaq üçün yeni təcili kredit mexanizmi üzərində işləyir. Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri məsələyə yaxın mənbələrə istinadən xəbər verib. Nəşrin məlumatına görə, oktyabr sammitində Avropa İttifaqı liderləri Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya 140 milyard avroluq "reparasiya krediti" verilməsi ideyasını razılaşdırmağa ümid edirdilər. Lakin plan Belçikanın Baş naziri Bart de Veverin ciddi etirazı ilə üzləşib. Dondurulmuş aktivlərin böyük hissəsinin Brüsseldə saxlanıldığını xatırladan Belçika hökuməti bu vəsaitlərin müsadirəsinin yaratdığı hüquqi və siyasi risklərdən narahatdır.
Bu səbəbdən, planın dekabr ayında keçiriləcək Aİ liderlərinin sammitinə qədər tam hazır olmaması ehtimalı fonunda Ukraynaya "aralıq kreditinin" verilməsi kimi yeni təşəbbüslər müzakirə olunur.
Politico qeyd edir ki, aralıq mexanizmin hazırlanması yaxın günlərdə başa çata bilər. Bununla belə, Aİ daxilində uzunmüddətli perspektivdə Rusiyanın dondurulmuş aktivləri hesabına formalaşacaq "reparasiya kreditinə" alternativin olmadığı düşünülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31