Erməni hərəkat rəhbəri 2026 seçkiləri üçün planlarını açıqladı
15:38 DünyaErmənistanda "Vahidlik qanadları" hərəkatının rəhbəri Arman Tatoyan 2026-cı il parlament seçkilərində qalib gələcəyi təqdirdə həyata keçirməyi planlaşdırdığı əsas istiqamətləri açıqlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Tatoyan çıxışında əvvəlki və hazırkı hakimiyyəti hədəfə alaraq, özünün alternativ yol təklif etdiyini bildirib. Təhsilini ABŞ və Avropada aldığını vurğulayan siyasətçi ölkənin inkişafını guya "yeni nəsil idarəetməsi" ilə təmin edə biləcəyini iddia edib.
Onun açıqlamasında diqqətçəkən əsas məqam yenə təhlükəsizlik xətti və sərt ritorika olub. Tatoyan hakimiyyətə gələcəyi halda ilk gündən təhlükəsizlik sahəsinin yenidən qurulmasına dair komissiya yaradacağını, 5 il ərzində isə "düşmənlə" tarazlıq yaratmağı hədəflədiyini deyib. Bu ifadələr Tatoyanın hələ də Azərbaycanı düşmən kimi gördüyünü, revanşist yanaşmadan imtina etmədiyini göstərir.
O, ABŞ-la münasibətlərin gücləndirilməsini prioritet saydığını, Rusiyadan asılılığın isə azaldılacağını iddia edib. Yəni Ermənistan siyasətində yenə köhnə xətt - təhlükəsizlik əsaslı militarist yanaşma, qonşularla münasibətləri gərgin saxlamağın davamı görünür.
Tatoyan son cümləsində fikrini belə yekunlaşdırıb: "Yalnız güclü olaraq biz sülhə nail ola bilərik".
Bu isə əslində sülhdən çox, silahlanma və balans oyununa söykənən köhnə yanaşmanın davamı deməkdir.