Rubio və Vens Ukrayna planı ilə bağlı fikir ayrılığı iddialarını təkzib etdilər- ÖZƏL
10:39 DünyaABŞ-ın vitse-prezidenti Cey-Di Vens və dövlət katibi Marko Rubio Ukraynadakı münaqişənin həlli ilə bağlı administrasiya daxilində fikir ayrılığının olması barədə ABŞ mediasında yayılan xəbərləri qəti şəkildə təkzib ediblər.
Olaylar.az xəbər verir ki, Marko Rubio sosial şəbəkə platforması X-də yazıb ki, bu iddialar "Tramp administrasiyasında Ukrayna müharibəsinin necə bitəcəyi ilə bağlı guya fikir ayrılıqlarının olduğuna dair yüz faiz yalan xəbərlərin növbəti nümunəsidir".
Rubio bildirib: "Bu insanlar sadəcə yanılmırlar, onlar bunu tamamilə uydururlar."
Vitse-prezident Vens isə dövlət katibinin paylaşımına cavab verərək yazıb: "Media prezidentin planlarını pozmaq üçün yalan danışır. Məsələ bu qədər sadədir."
NBC News-un dərc etdiyi materialda iddia olunurdu ki, administrasiya daxilində Vens və Rubio arasında siyasi rəqabət fonunda Ukrayna siyasəti üzrə ciddi fikir ayrılıqları mövcuddur. Məlumatda deyilirdi ki, Vens və prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff Ukraynanın mövqeyini sülhə əsas maneə kimi görür və Vaşinqtonun Kiyevə təzyiqləri artırmasının tərəfdarıdır. Digər düşərgə Rubio və onu dəstəkləyən rəsmilər məsuliyyəti daha çox Rusiyanın üzərinə qoyur və Moskvaya qarşı əlavə sanksiyaların tətbiqini müdafiə edir.
23 noyabrda ABŞ və Ukrayna Cenevrədə Vaşinqtonun sülh planı üzrə məsləhətləşmələr aparıblar. Rubio görüşü "münaqişə başlayandan bəri ən məhsuldar" adlandırıb. Lakin "Politico" və digər mənbələrin məlumatına görə, danışıqlarda gərginlik müşahidə edilib. Ukrayna tərəfi planda bəzi dəyişikliklərin edilməsində israr edib.