İlbər Ortaylıdan xəbərdarlıq: “Dünya bunun əvəzini türklərdən çıxacaq”

Türkiyəli məşhur tarixçi, professor İlbər Ortaylının İstanbulda yerləşən Ayasofya məscidi ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, Ortaylı məscidə qaldırıcı kranın daxil edilməsinə qəzəblənib.

O, Bizans dövründən qalma binanın uçma təhlükəsi ilə üz-üzə ola biləcəyini söyləyib.

Tarixçi Ayasofyanın döşəməsinin ağır texnikaya davam gətirə bilməyəcəyini deyib:

"Memarlıqdan başları çıxmır. O məscid bunu qaldırmaq gücündə deyil. Binaya kran bir tərəfə, maşın belə girməməlidir. Bu müdaxilələrin mənfi təsiri gec-tez ortaya çıxacaq. Binanın altı tamamilə tunellərlə doludur. Hər gələn Ayasofyaya atasının şəxsi mülkü kimi davranır. Əgər o bina çökərsə, dünya bunun əvəzini türklərdən çıxacaq".

Qeyd edək ki, Ayasofya Bizans İmperiyasının "qızıl əsri"nin simvolu hesab edilir. Bina əvvəllər uzun müddət provoslav kilsəsi olub. Son olaraq 2020-ci ildən isə məscid kimi fəaliyyət göstərir. Yaxın zamanda restovrasiya məqsədilə qaldırıcı kranların binaya daxil olması ictimaiyyətdə birmənalı qarşılanmadı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31