Biz ABŞ ilə kompromisə çox yaxın idik – Əraqçi

İran nüvə proqramıyla bağlı ABŞ ilə razılığa gəlməyə hazırdır, lakin bu, yaxşı balanslaşdırılmalı və hər iki tərəfin mövqeyini nəzərə almalıdır.

Olaylar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Britaniyanın "The Economist" jurnalına verdiyi müsahibədə deyib.

"Biz danışıqlara hazırıq, amma diktaturaya yox. Biz həqiqətən də razılaşmaya açığıq, amma ədalətli və balanslı, birtərəfli yox. Problem də bundadır", - o bildirib.

İranlı diplomat iyun ayında baş verən 12 günlük müharibədən əvvəl Tehran və Vaşinqton arasında 5 raund danışıqların aparıldığını vurğulayıb. 

"Biz razılaşmaya, yaxşı bir kompromisə çox yaxın idik. Təfərrüatlara varmaq niyyətim yoxdur, amma lazım gələrsə, nə vaxtsa bunu edəcəyəm", - deyə Əraqçi vəd edib.

O izah edib ki, ABŞ-nin dəstəklədiyi sonrakı İsrail müharibəsi bu prosesə son qoyub. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31