ABŞ G20 sədrliyinin keçidində iştirak etməyə çalışır - ÖZƏL

ABŞ-ın Cənubi Afrikadakı səfirliyi bu həftə sonu keçiriləcək G20 sammitinin açılış mərasiminə akkreditasiyadan keçmək üçün müraciət edib. Olaylar.az xəbər verir ki, News24 portalının məlumatına görə, səfirlik Cənubi Afrika Respublikasından "G20 sədrliyinin təhvil-təslimi" mərasimində iştirak məqsədilə səkkiz nəfərlik heyətin, o cümlədən ABŞ-ın Cənubi Afrikadakı işlər üzrə müvəkkili Mark Dillardın sammit məkanına buraxılmasını xahiş edib.
Məlumata əsasən, ABŞ nümayəndələri sammitin digər iclas və müzakirələrində iştirak etməyəcək. Onların müraciəti yalnız 23 noyabrda keçiriləcək sədrliyin Cənubi Afrikadan ABŞ-a rəsmi təhvil mərasimində iştirakla məhdudlaşır.
Bu addım Cənubi Afrika rəhbərliyinin narazılığına səbəb olub. Prezidentin sözçüsü Vinsent Maqvenya bildirib ki, protokola görə, sədrliyin təhvili yalnız gələcək sədr ölkənin yüksək səviyyəli nümayəndəsinə təqdim edilməlidir: "Prezident sədrliyi işlər üzrə müvəkkilə təhvil verməyəcək."
Daha əvvəl Prezident Siril Ramafosa ABŞ-ın G20 sammitinə dair boykot qərarını yenidən nəzərdən keçirə biləcəyi barədə siqnallar aldığını demişdi. Lakin hazırda məlum olur ki, Vaşinqtonun iştirakı yalnız səfirlik nümayəndəsinin mərasimdə görünməsi ilə məhdudlaşacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp sentyabrda açıqlamışdı ki, o, Cənubi Afrikada keçirilən sammitə qatılmayacaq və Vaşinqtonu təmsil etmək vəzifəsi vitse-prezident Cey Di Vensə həvalə olunacaq. Bu ay Tramp mövqeyini daha da sərtləşdirərək ABŞ nümayəndə heyətinin ümumiyyətlə Yohannesburqa getməyəcəyini bildirmişdi. O, sammitin Cənubi Afrikada təşkilini "utancverici" adlandırmış və ölkədə ağdərili əhaliyə qarşı zorakılıq olduğunu iddia etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31