COP30-a hazırlıq- Amazonu qoruyan yeni “yaşıl iqtisadiyyat” modeli- ÖZƏL
09:20 DünyaBraziliyanın Belem şəhəri, Quama çayının sahilində sıx meqapolisin Amazona doğru uzandığı yerdə, həm meşəni qoruyan, həm də yerli əhalinin dolanışığını təmin edən yeni iqtisadi model üzərində çalışır. COP30 iqlim sammitinə ev sahibliyinə hazırlaşan şəhər dünyaya göstərmək istəyir ki, Amazon yağış meşələrini qorumaqla yanaşı, iqtisadi inkişaf mümkündür. Olaylar.az xəbər verir ki, Para əyalət hökuməti bu il yerli icmalara acai, Braziliya qozu və digər meşə nemətlərini qlobal bazar üçün kommersiya məhsullarına çevirməyə kömək edən araşdırma və inkişaf proqramı təqdim edib. Məqsəd nə mal-qara üçün ağac kəsmək, nə də mədənçilik əksinə, meşəni canlı saxlayacaq "bioiqtisadiyyat" yaratmaqdır. Para qubernatoru Helder Barbalho Reuters-ə bildirib:
"Arzumuz odur ki, Para meşə sərvətlərini yeni strateji sektora çevirsin və biomüxtəlifliyimizi modern iqtisadiyyata daşısın. Bu, istixana qazları yayan sahələrdən asılılığımızı azaldacaq və 'yaşayan meşə'ni dəyərə çevirəcək."
Oktyabr ayında Para hökuməti Belemin tarixi Ver-o-Peso bazarından bir qədər yuxarıda 300 milyon real (təxminən 56 milyon dollar) dəyərində Bioiqtisadiyyat və İnnovasiya Parkını istifadəyə verib. Kompleksdə 6 min kvadratmetr anbar və istehsal sahəsi var - sahibkarlar burada meşə məhsulları üzərində təcrübə aparır, yeni qida növləri, ətirlər və başqa məhsullar hazırlayırlar.
Məşhur yerli aşpaz Leonardo Souza parkın ilk istifadəçilərindən olub. O deyir ki, laboratoriyalar ona Amazon otları ilə hazırladığı duzu gündəlik 60 bankadan 1000 banka istehsala qədər artırmağa imkan verib:
"Əvvəl 42 ailədən ot alırdıq. İndi bu rəqəm təxminən 200 olacaq."
Bioiqtisadiyyat ideyası artıq Para əyalətində mövcud olan güclü bazaya söykənir. IDB, Nature Conservancy və Natura şirkətinin 2019-cu il araşdırmasına görə, Para ştatında meşə məhsullarından ibarət 30 dəyər zənciri 4,24 milyard real gəlir gətirib - bu rəqəm mal-qaradan əldə olunan qazancı faktiki olaraq üstələyir. Nature Conservancy-nin Latın Amerikası direktoru Paula Caballero deyir:
"Bu, dar bir bazar deyil. Çox güclü və geniş potensialı olan sektordur."
Natura şirkəti Amazon mənşəli kakao, murumuru və pataua kimi təbii yağları kosmetik məhsullarında istifadə edir.
Braziliyalı Yer sistemi alimi Carlos Nobre isə qeyd edir ki, hələ ki, bioiqtisadiyyat ölkə iqtisadiyyatının kiçik hissəsini təşkil etsə də, bu sahədəki əməkhaqları soya və maldarlıqdan üç-dörd dəfə artıqdır və daha çox insan üçün iş imkanı yaradır.
Belemin COP30 ərəfəsində dünyaya çatdırmaq istədiyi mesaj da məhz budur: Amazonu qorumaq - iqtisadiyyata maneə deyil, əksinə, yeni və davamlı gəlir mənbəyidir.