Tramp ABŞ-ın keçmiş vitse-prezidenti Çeyninin dəfninə dəvət edilməyib
20:05 DünyaABŞ prezidenti Donald Tramp, Corc Buşun (kiçik) administrasiyasında vitse-prezident vəzifəsini icra etmiş Dik Çeyninin dəfn mərasimində iştirak etməyəcək.
Olaylar.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Saytın rəsmi mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ lideri 20 noyabrda keçiriləcək dəfn mərasiminə dəvət almayıb.
Mənbənin məlumatına əsasən, ABŞ-ın fəaliyyət göstərən prezidentləri adətən əvvəlki prezidentlərin və vitse-prezidentlərin dəfnində iştirak edir. Lakin Trampın mərasimə dəvət edilməməsi Çeyni ailəsi ilə münasibətlərin korlanması ilə bağlı ola bilər.
Qeyd olunur ki, bunun səbəblərindən biri Trampın Dik Çeyninin qızı, 2017-2023-cü illərdə ABŞ Konqresinin Nümayəndələr Palatasında Vyominq ştatını təmsil etmiş respublikaçı Liz Çeyni barədə səsləndirdiyi sərt fikirlərdir. Tramp onu 2024-cü il seçkilərində Kamala Harrisə dəstəyinə görə "radikal müharibə şahinidir" adlandırmış, həmçinin "əgər ona silah tuşlansaydı, necə davranardı?" sualını vermişdi.
Dik Çeyni 4 noyabrda 85 yaşında ürək-damar xəstəlikləri və pnevmoniyadan sonra yaranmış fəsadlar səbəbilə dünyasını dəyişib. 2012-ci ildə ona ürək köçürülməsi əməliyyatı keçirilmişdi. Siyasətçinin həyat yoldaşı, qızları Liz və Meri Çeyni, həmçinin yeddi nəvəsi qalıb.