Almaniya Ukraynaya uzaqmənzilli raketlər verir - Merz
10:48 DünyaAlmaniya Ukraynaya uzaqmənzilli raketlərin təhvil verilməsinə hazırlıqları təsdiqləyib.
Olaylar.az xəbər verir ki, Berlində keçirilən mətbuat konfransında kansler Fridrix Merz Kiyevlə texniki məsləhətləşmələrin bir neçə aydır davam etdiyini və artıq son mərhələdə olduğunu açıqlayıb. O qeyd edib ki, "Ukrayna ordusu bu cür silah sistemləri ilə təchiz olunacaq", lakin tədarüklərin miqdarı və vaxtı ilə bağlı detallar açıqlanmayıb.
Kanslerin sözlərinə görə, bu, Rusiyanın Ukraynanın həqiqi imkanlarını qiymətləndirməsini çətinləşdirmək üçün seçilmiş taktika ilə bağlıdır. O, "xüsusilə Rusiya tərəfi üçün müəyyən bir qeyri-müəyyənlik lazımdır" deyə vurğulayıb, dəstəyin davam edəcəyini və Ukraynada raket sistemlərinin istehsalını da əhatə edə biləcəyini əlavə edib. Merz Rusiyanın qışdan əvvəl Ukraynanın mülki enerji infrastrukturunu qəsdən hədəf aldığını bildirib və Moskvanın hərəkətlərini "mülki əhaliyə qarşı terror müharibəsi" kimi xarakterizə edib.
Almaniya Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək niyyətindədir: Kiyev gələn il əlavə 3 milyard avro hərbi yardım alacaq.
Kansler həmçinin ümid etdiyini bildirib ki, Aİ tezliklə Ukraynaya maliyyə dəstəyi göstərmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə mexanizmi barədə razılığa gələcək. (Musavat.com)