Aİ Ermənistanda "Trampa marşrutu" və "Sülh kəsişməsi" təşəbbüslərinə dəstək verməyə hazırdır – ÖZƏL
13:18 DünyaAvropa İttifaqı (Aİ) "Tramp marşrutu"nun və Ermənistan hökumətinin "Sülh kəsişməsi" təşəbbüsünün reallaşmasına köməklik göstərməyə hazırdır.
Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı səfiri Vasiliy Maraqos Sünik bölgəsinə səfəri zamanı jurnalistlərə açıqlama verib.
"Biz bütün alət və vasitələrimizdən nəinki "Tramp marşrutu" layihəsi çərçivəsində, həm də bütün "Sülh kəsişməsi"təşəbbüsü kontekstində istifadə etməyə hazırıq", - deyə Maraqos bildirib.
O, Aİ-nin regionda sülhün bərqərar olması prosesinə yardım etdiyini qeyd edib. Brüsseldə sülhün yaxın olduğuna inanılır və səfir əlavə edib ki, bir çox təfərrüatlar dəqiqləşdirilməli olsa da, Avropa İttifaqı bu mühüm prosesdə Ermənistana dəstək verməyə hazırdır.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalamışdılar. ABŞ Prezidentinin sözlərinə görə, Ermənistan Azərbaycana Naxçıvanla quru əlaqəsi yaratmağa imkan verəcək marşrutun inkişafı üçün ABŞ-yə 99 ilə qədər müddətə eksklüziv uzunmüddətli hüquqlar təqdim edəcək (bu, Ermənistan qanunvericiliyi ilə tənzimlənəcək).
Amerika tərəfi infrastruktura və idarəetməyə cavabdeh olan konsorsiuma torpağı sub-icarəyə verməyi planlaşdırır.
Həmçinin, hər iki ölkənin Xarici İşlər nazirləri ATƏT-in Minsk Qrupunun və əlaqəli strukturların bağlanması barədə birgə müraciət imzalayıb, gələcək sülh sazişinin mətnini paraflayıb və daha sonra dərc ediblər.