"Tehranda xristian metrostansiyasının açılması siyasi oyunbazlıqdır"
17:17 Dünya"İranın bu davranışı həddindən artıq təəccüblüdür. Radikal müsəlman ölkəsində xristian dininin dəyərlərindən birinin adının metrostansiyaya verilməsi, dünən Əminənin bir telinin yaylığından kənara çıxmasına görə polis bölməsində öldürülməsi ilə müqayisə olunarsa, bu ölkə rejiminin nə qədər riyakar, ikiüzlü və həm müsəlman, həm də xristian dəyərlərinə sadiq olmadığını göstərir".
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, İran rejimi bununla sadəcə siyasi oyunbazlıq etməyə çalışır.
"İran rejimi min şey fikirləşir, amma heç nə alınmır. Bir çox hallarda onların məqsədi Azərbaycan xalqının qəzəbini artırmaq üçün addımlar atmaqdır. Amma indi bu, Trampın və ya Paşinyanın xoşuna gəlmək üçün edilən jestdirsə, belə jestləri ümumbəşəri dəyərlər sırasına aid etmək mümkün deyil. Bu, siyasi yaltaqlıqdır; ikiüzlülükdür; öz ölkəsində ən xırda insan haqlarına belə məhəl qoymayan bir ölkənin, ümumbəşəri dəyərlər uğrunda mübarizə apardığını göstərməyə çalışmasıdır.
Bu həm də İran adlı ölkədə yaşayan 42 milyon azərbaycanlının, 1,5 milyon qaşqay türklərinin və 2 milyonluq türkmən elinin hisslərinə hörmətsizlik və təhqirdir", - deyə Qabil Hüseynli vurğulayıb.
Xatırladaq ki, İranın paytaxtı Tehranda "Müqəddəs Məryəm" adlı yeni metrostansiyası istifadəyə verilib. Stansiyanın divarlarında və mozaikalarında xaç işarələri, Məryəm Ana və İsa Məsihin təsvirləri yer alıb. İlk dəfədir ki, Tehran metrosunda xristian dininə aid simvollar bu qədər açıq şəkildə nümayiş etdirilir.
Layihə müəlliflərinin bildirdiyinə görə, bu addım İranda yaşayan xristian icmasına hörmət əlaməti kimi atılıb və dini tolerantlığın simvolu hesab olunur. Yeni stansiya Tehran metrosunun genişlənən xəttində yerləşir və yaxın ərazidəki kilsələrə, xristian ibadətgahlarına gediş-gəlişi asanlaşdıracaq.