Ermənistanın Aİ-yə yaxınlaşması risklər doğura bilər – müxalifət nümayəndəsi – ÖZƏL

"Ermənistanın Avropa İttifaqına inteqrasiya prosesində qarşılaşacağı risklər ciddi şəkildə dəyərləndirilməlidir, xüsusilə də ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olması fonunda".

Olaylar.az xəbər verir ki, bu barədə yanvarın 24-də Ermənistan parlamentində Avropa İnteqrasiyası üzrə daimi komissiyanın iclasında müxalif "Ermənistan" blokundan olan deputat Armen Gevorkyan bəyan edib.

Deputat qeyd edib ki, hazırda Avropa İttifaqına üzvlüyə namizəd 9 ölkə mövcuddur və prosesin nə qədər çəkə biləcəyini göstərən nümunələr var. "Məsələn, Türkiyə 1987-ci ildən bu prosesdədir, Gürcüstan, Moldova və Ukrayna isə 2022-ci ildən namizəd statusu alıb, lakin hələ heç biri üzv ola bilməyib. Biz Aİİ-nin üzvüyük və paralel olaraq Aİ-yə üzvlük üçün qanun layihəsini qəbul etməyi nəzərdə tuturuq. Bu müddət ərzində qanunvericiliyimizi Aİ standartlarına uyğunlaşdırmağa çalışacağıq, eyni zamanda Aİİ-nin üzvü olaraq qalacağıq. Avrasiya İttifaqı bu prosesə necə reaksiya verəcək? Bu uzlaşmanı necə təsəvvür edirsiniz?" - deyə o, sual verib.

Təşəbbüsün əsas müəllifi və "Respublika" partiyasının nümayəndəsi Artak Zeynalyan cavab olaraq bildirib ki, Aİ-nin standartları Aİİ-dən daha yüksəkdir və Ermənistan bu standartlara uyğun məhsullar istehsal etsə, həmin məhsullar avtomatik olaraq Aİİ tələblərinə də cavab verəcək. "Yəni, biz standartlarımızı Aİ ilə uyğunlaşdıra bilərik, eyni zamanda Aİİ standartları ilə ziddiyyətə düşmədən. Amma birmənalı şəkildə qeyd edim ki, rəqib gömrük ittifaqlarında eyni vaxtda iştirak etmək mümkün deyil. Əgər Ermənistan Aİ-yə üzvlükdən əvvəl Avropa Gömrük Zonasında iştirak etməyə ehtiyac duysa, bu zaman Aİİ-dən çıxmaq lazım gələcək," - deyə o bildirib.

Gevorkyan isə cavabında iqtisadi və siyasi risklərə diqqət çəkib: "Biz başa düşürük ki, bu qanun qəbul edildikdən sonra Aİ ilə qanunvericiliyimizi yaxınlaşdırarkən iqtisadi və siyasi baxımdan ciddi risklərlə üzləşəcəyik. Aİİ-nin bu addımlarımıza necə yanaşacağı məsələsi isə açıq qalır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31