Tramp: “Ukraynada münaqişə sona çatmalıdır” – ÖZƏL
15 Noyabr 2024 10:37 DünyaABŞ-də prezident seçkilərində qələbə qazanan Donald Tramp Ukraynadakı münaqişənin sona çatdırılması üçün "çox" çalışacağını bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə o, "America First Policy Institute" adlı qeyri-kommersiya təşkilatının tədbirində çıxış edib.
"Biz Yaxın Şərq üzərində işləyəcəyik. Rusiya və Ukrayna üzərində isə çox ciddi işləyəcəyik. Artıq buna son qoyulmalıdır. Rusiya və Ukrayna dayanmalıdır," - deyə Tramp qeyd edib. Lakin o, münaqişənin həlli üçün konkret planını açıqlamayıb.
Bundan əvvəl ABŞ mətbuatı Trampın seçkidə qələbəsi ilə əlaqədar olaraq Kiyevin təhlükəsizliyə daha çox üstünlük verdiyini və ərazi məsələlərini ikinci plana çəkdiyini yazmışdı. Əvvəllər Ukrayna rəsmiləri ərazilərini itirmək bahasına sülhə razı olmayacaqlarını bəyan etsələr də, indi bu mövqe dəyişib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə Trampın hakimiyyətə gəlməsinin ABŞ-ın Ukrayna ilə bağlı əsas mövqeyini dəyişməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton, Trampın hakimiyyətə gəlməsindən sonra da vəziyyətə nəzarəti əlində saxlamağı planlaşdırır.
Eyni zamanda, Trampın qələbəsindən sonra Cənubi Koreyanın Ukraynaya dəstəyi ilə bağlı mövqeyini dəyişə biləcəyi də qeyd olunur. Bu fakt münaqişənin gedişatına ciddi təsir göstərə bilər.