İranda 4,6 bal gücündə seysmik hadısə aşkarlanıb

Ermənistanda seysmik stansiya İranda 4,6 bal gücündə seysmik hadisə aşkarlayıb. Diqqətçəkən məqam budur ki, tədqiqatçılar seysmik sıxılma dalğasının olmadığını qeyd edirlər. Yəni hadisənin zəlzələdən çox, nüvə partlayışına bənzədiyi iddia edilir. Bu, İranın nüvə silahını əldə edib sınağına başlaması kimi dəyərləndirilir.
Tehranın nüvə silahı əldə etməsi regional və geosiyasi konyukturaya təsirsiz ötüşməz. Çünki bu halda İran Yaxın Şərqdə ilk, islam dövlətləri içərisində isə ikinci nüvə dövləti olacaq. Bu, təkcə İsraili deyil, Səudiyyə Ərəbistanı, Misir, Türkiyə, BƏƏ-ni də narahat edəcək.
İndiki məqamda əsas sual sözügedən şəraitdə rəsmi Bakının nə edəcəyidir. İran nüvə silahı əldə edibsə, deməli, Azərbaycan iki nüvə ölkəsi ilə qonşu olacaq. Cənub qonşumuzun nüvə silahı əldə etməsi ehtimalı həm də bir sualı aktuallaşdırır: iki nüvə gücü arasında qalan Azərbaycan nüvə silahı əldə etmək istəyəcəkmi?
Fikrimcə, bu sualın birmənalı cavabı var: Xeyr!
Birincisi, Azərbaycan nüvə silahını əldə etməsi üçün nə lazımi texnologiyaya, nə uran yataqlarına, nə də xərcini qarşılayacaq əlavə gəliri var.
İkincisi, nüvə silahlarının yayılmaması haqqında müqavilə var. Bu müqavilənin məqsədi nüvə silahlarının yayılmasının qarşısını almaq, nüvə enerjisindən sülh üçün istifadə etmək məqsədilə işbirliyini artırmaq, nüvə silahlarından tam və ya qismən imtina etməkdir.
Qanun 1968-ci ildə imzalanıb, 1970-ci ildə qüvvəyə minib. 11 may 1995-ci ildə müddətsiz olaraq uzadılıb. Azərbaycan da bu sazişi tanıyır və əməl edir.
Üçüncüsü, nüvə silahını əldə etmək istəyən ölkələrə ciddi sanksiyalar tətbiq olunur, təzyiqlər edilir. Bakı həm belə təzyiqlərdən yayınmaq, həm də beynəlxalq nüfuzunu qorumaq üçün nüvə silahını əldə etməkdə maraqlı deyil.
Turan Rzayev
Politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31