Təhlükə bütün regionda qalmağa davam edir- ÖZƏL
3 Oktyabr 18:26 Dünya"Biz bilirik ki, İran-İsrail arasındakı gərginlik Yaxın Şərqi, o cümlədən bütün dünyanı yaxından narahat edir, çünki İran və İsrail ikisi də regional gücdür. Xüsusən İranın bir çox proksi gücləri var".
Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu müharibənin ən azından Yaxın Şərqin bir hissəsinə yayılma ehtimalını qüvvətləndirir. Belə olan halda biz ABŞ-nin və Aİ-nin tez-tez "müharibəni sonlandırın" çağırışlarını eşidirik. Bu səylərin çox da nəticə verdiyini deyə bilmərik, çünki gərginlik qalmaqda davam edir. İsrail və İran arasında diplomatik kanallar sıfır vəziyyətindədir. İran İsraili, İsrail İranı dövlət olaraq tanımır. İranla ABŞ-nin də münasibətləri gərgindir. Çünki İranın təkcə İsrail yox, nüvə məsələsində də bir çox problemləri var, sanksiya altındadır. Bu gün Livan məsələsinə, Qəzzada baş verənlərə görə ara-sıra ABŞ və Aİ ölkələri ilə də gərginlik yaşayır. Ona görə də bütün bu gərginlik münasibətlərin üçüncü dövlətlər vasitəsilə də normallaşmasına gətirib çıxara bilmir. Belə olan təqdirdə təhlükə bütün regionda qalmağa davam edir".
Zeynəb Rzayeva