ABŞ Türkiyəyə LNG tədarük edən ən böyük ölkəyə çevrilib - Ərdoğan

ABŞ Türkiyəyə mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edən ən böyük ölkəyə çevrilib.

Olaylar.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Nyu-Yorkda Türkiyə-Amerika Biznes Şurasının tədbirində bildirib.

"Bu gün Amerika bu sahədə bizim ən böyük tədarükçümüzə çevrilib və biz bu əlaqələri uzunmüddətli müqavilə ilə təsdiqləmək istəyirik. Bu istiqamətdə atılan mühüm addım enerji şirkətimiz Botaş və ExxonMobil arasında anlaşma memorandumunun imzalanması oldu", - Türkiyə prezidenti vurğulayıb.

Onun sözlərinə görə, son 20 ildə Türkiyə təxminən 270 milyard ABŞ dolları birbaşa xarici investisiya cəlb edib və hazırda ölkədə 83 min xarici kapitala malik şirkət fəaliyyət göstərir.

Ərdoğan əlavə gömrük rüsumları, dəmir-polad və alüminium sektorlarında CAATSA sanksiyaları kimi birtərəfli tədbirləri və məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

O, 2023-cü ildə Türkiyə və ABŞ arasında ticarət həcminin 30 milyard dolları keçdiyini, lakin artım üçün böyük potensialın olduğunu qeyd edib.

Qeyd edək ki, Türkiyədə ABŞ, Qətər, Əlcəzair və digər ölkələrdən LNG-nin gəmi ilə gətirildiyi 5 LNG terminalı fəaliyyət göstərir. Həmçinin, Türkiyə Rusiya, Azərbaycan, İran və Bolqarıstanla qaz kəmərləri sistemi ilə bağlıdır.

Türkiyənin qaz tələbatı illik təxminən 50 milyard kubmetrdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31