Kursk əməliyyatı ilə bağlı YENİ DETALLAR - Rəsmi sənədlər üzə çıxdı

Ukrayna silahlı qüvvələrinin Kursk vilayətinə hücum edəcəyini Rusiya dövləti bir neçə ay öncədən bilirmiş. Hətta ordu və xüsusi xidmət orqanları bu hücumun qarşısını almaq üçün planlar da hazırlayıb. 

Olaylar.az xəbər verir ki, bu haqda məlumatı İngiltərənin "The Guardian" nəşri ukraynalı hərbçilərə istinadən yayıb.

Qəzetə danışan əməliyyat iştirakçıları bildirib ki, Kursk vilayətində nəzarətə götürdükləri ərazilərdə Rusiya Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinə aid sənədləri ələ keçiriblər.

Həmin sənədlərə əsasən, Kursk əməliyyatının olacağı ilə bağlı ən erkən qeydlər 2023-cü ilin sonuna aiddir. Ən son sənədlər isə əməliyyatdan altı həftə əvvələ məxsusdur. Altı əvvələ aid olan qeydlərdə Ukrayna ordusunun dövlət sərhədini yarmaq imkanından bəhs edilib və istənilən hücumu dəf etmək üçün hazırlıqların gücləndirilməsi əmri verilib.

Müdafiənin gücləndirilməsi tapşırıqları ilk dəfə fevralda verilib. Fevralın 19-da bölmə komandirlərinə verilən əmrdə Ukraynanın hücumuna qədər Rusiya ərazisində 80 km dərinliyə qədər müdafiəni gücləndirmək barədə göstəriş verilib. Martın ortalarındakı əmrdə sərhəddəki bölmələrə Ukraynanın transsərhəd hücumuna hazırlıq məqsədilə müdafiə xətlərini gücləndirmək və əlavə təlimlər təşkil etmək tapşırılıb. İyunun ortalarında isə Ukraynanın Sudjaya nəzarəti ələ keçirmək üçün Yunakovka - Sudja istiqamətində planları ilə bağlı daha konkret xəbərdarlıq var. İyundakı sənədlərdə sərhəddə yaxın ərazidə yerləşən rus bölmələrinin təchizatının zəif olmasından və əsgərlərin hazırlığının aşağı səviyyədə olmasından şikayət olunur.

Xatırladaq ki, Ukrayna ordusu 2024-cü ilin avqustun 6-da Kursk vilayətinə hücuma başlayıb və bir neçə gün ərzində vilayətin min kvadrat kilometrdən çox hissəsi nəzarətə götürülüb. Rusiya ordusu yalnız bir neçə gündən sonra Ukrayna ordusunun qarşısını ala bilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31