Livanda partlayan peyceləri Tayvan şirkəti istehsal edib?

"Livanın müxtəlif bölgələrində partlayan peycerlərin Tayvanın "Gold Apollo" şirkəti ilə heç bir əlaqəsi yoxdur".

Olaylar xəbər verir ki, bu barədə şirkətin özündən bəyan edilib.

Bildirilir ki, peycerləri onlar deyil, şirkətin brendindən istifadə etmək üçün lisenziyası olan BAC adlı şirkət istehsal edib.

"Məhsul bizim deyil, sadəcə üzərində bizim brendimizin adı olub", - deyə "Gold Apollo"nun qurucusu və prezidenti Xu Çinquan şərh verib.

Livan təhlükəsizlik xidmətindəki yüksəkrütbəli mənbə "Reuters"ə bildirib ki, "Hizbullah" hərəkatı üzvləri üçün beş min peycer sifariş edib və onlar bu ilin əvvəlində ölkəyə gətirilib. AR-924 peycer modeli BAC şirkəti tərəfindən istehsal edilib və satılıb.

"Biz yalnız ticarət nişanından istifadə üçün icazə veririk, bu məhsulun hazırlanmasında və ya istehsalında iştirak etmirik", - deyə "Gold Apollo"nun bəyanatında deyilir.

"Reuters" əlavə edib ki, BAC şirkəti Avropada yerləşir, lakin onun dəqiq yeri göstərilmir.

Bundan əlavə, agentlik anonim mənbələrə istinadən bildirib ki, İsrailin "Mossad" kəşfiyyatı "Hizbullah"a çatdırılan beş min peycerə partlayıcı qurğuları hadisədən bir neçə ay əvvəl yerləşdirib. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31